Maliyyə Nazirliyi ABB-nin kreditorlarına xarici valyutada dövlət istiqrazları verəcək

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanında nəzərdə tutulmuş zəruri tədbirlərin icrası çərçivəsində ABB-nın xarici borcunun müəyyən hissəsinin ölkənin suveren öhdəliklərinə daxil edilməsi yolu ilə ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlərin növbəti mərhələsinə başlanılıb.

 Maliyyə Nazirliyinin Mətbuat xidmətindən "APA-Economics”ə verilən məlumata görə, bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur.

Maliyyə Nazirliyi bildirir ki, ABB-nın sağlamlaşdırılması istiqamətində, o cümlədən kapital və likvidlik səviyyəsinin qorunması məqsədi ilə hökumət tərəfindən bir çox tədbirlər həyata keçirilib, bir sıra tədbirlər isə hazırda icra olunmaqdadır. O cümlədən, bankın toksik aktivlərinin balans dəyəri ödənilməklə dövlətə məxsus qurum tərəfindən alınıb, bankın nizamnamə kapitalına əlavə kapital yerləşdirilib, əmanətçilərə əmanətləri üzrə dövlət tərəfindən zəmanət verilib. Bununla belə, bankın xarici valyutada ifadə olunmuş böyük həcmdə öhdəliklərinin mövcudluğu, 2016-cı ildə manatın məzənəsinin əsas xarici valyutalara nisbətən ucuzlaşması bankın zərərini bir qədər də artıraraq kapital mövqeyinə mənfi təsir göstərib.

Bununla əlaqədar bank tərəfindən xarici kreditorlar qarşısında xarici valyutada olan öhdəliklərinin Maliyyə Nazirliyinə ötürülməsinə dair restruktizasiya proqramı hazırlanıb.

Təklif olunan restruktizasiya proqramı bankın cəlb edilmiş borc səviyyəsinin əhəmiyətli dərəcədə azaldılmasına imkan verməklə ABB-nin sağlamlaşdırılması üzrə həyata keçirilən tədbirlərə əlavə təkan olacaq, bankın etibarlılığının, uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunmasına və gələcəkdə özəlləşdirilməsinin asanlaşdırılmasına müsbət töhfə verəcək.

Maliyyə Nazirliyi bəyan edir ki, atılacaq restruktizasiya addımları, kreditorlar qarşısında ABB-nin öhdəliklərinin dövlət öhdəliklərlə əvəz edilməsi (bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur) planına Azərbaycan hökuməti tərəfindən razılıq verilməsi ABB-nin sağlamlaşdırılmasına yönəlmiş vacib adımlar olmaqla yanaşı, bankın kreditorlarına əlavə əminlik və dəstək verilməsinə hesablanıb.

Müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya, İrlandiya və digər dövlətlərdə də bank sektoruna dəstək məqsədilə tətbiq olunmuş bu təcrübə bankın ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılmasını, maliyyə durumunun sağlamlaşdırılmasını, fəaliyyətinin səmərəliliyinin artırılmasını, ölkə iqtisadiyyatını dəstəkləyən güclü maliyyə insitituna çevrilməsini təmin edəcək.

Bəyan edilən adımlar ABB-nın bütün digər öhdəlikləri üzrə, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada əmanətləri və bank hesabları üzrə əməliyyatları cari rejimdə davam edəcək. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir.

Maliyyə Nazirliyi "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə birlikdə yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsinə zəruri dəstək verir və vaxtaşırı bu barədə əlavə məlumat veriləcək.




[email protected]