Ticarət festivallarına dair yeni prosedur müəyyən edilib
"Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları” ticarət festivalları dövründə bütün fiziki şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarına şamil olunmayacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabineti "Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli fərmanının icrasını təmin etmək üçün belə bir qərar qəbul edib.
Qeyd edək ki, indiyə qədər bu Qaydalar yalnız ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarına şamil olunmayıb. Qaydaya əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Elektron vergi hesab-fakturasında vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı, vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı, vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi, aksizli mallarda aksizin məbləği, vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği, elektron vergi hesab-fakturasının verilmə tarixi, elektron vergi hesab-fakturasının nömrəsi, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi və elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı məlumatlar əks etdirilməlidir. Bu Qaydalara müvafiq tərtib edilməyən elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir. Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə verilir.
[email protected]