Azərbaycanın Avropanı qazla təmin etməsinə kim əngəl törədir?
Xəbər verdiyimiz kimi, İtaliyanın cənubundakı Salento bölgəsində Transadriatik Qaz Kəmərinin tikintisini əngəlləmək üçün təxribatlar davam edir. TAP şirkəti bir gün əvvəl gecə saatlarında kəmərin tikintisinin aparıldığı və mühafizə olunan əraziyə "No TAP” komitəsinin yüzlərlə aqressiv üzvünün hücum etdiyini bildirib.
Şirkətin bildirdiyinə görə, aqressiv etirazçılar tikinti ərazisini mühafizə edən mühafizəçiləri söyüb, dəmir hasarın arxasından təhdid edib və daşa basıb. Atılan daşlar insanlara dəyməsə də avtomobillərə zərər yetirib. Habelə etirazçılar özləri ilə gətirdikləri iş alətləri ilə ərazini mühafizə etmək üçün çəkilmiş dəmir barmaqlıqlardan 35-ni kəsib, onlardan 5-ni özləri ilə aparıb. Mühafizəçilərdən biri baş verənləri smartfona çəkib və TAP şirkəti həmin kadrları aqressiv qrupun əməllərinin sübutu kimi yayıb. Şirkət "No TAP” komitəsini İtaliya dövlətinin qanunlarına qarşı cəngəllik qanunları tətbiq etməkdə, aqressiya və zorakılığa əl atmaqda ittiham edib.
Xatırladaq ki, "No TAP” komitəsi İtaliya parlamentində yerlərin 22 faizinə nəzarət edən, şoumen Beppe Grillonun başçılıq etdiyi "5 Star” hərəkatı tərəfindən yaradılıb. Komitə kəmərin ətraf mühitə və Melandunyonun çoxillik zeytun bağlarına ziyan vuracağını iddia edərək neçə vaxtdır TAP-a qarşı aksiyalar keçirir, müxtəlif təxribatlara əl atır. Bu hərəkatın Rusiya ilə bağlılığı çoxdan məlumdur.
Politoloq Qabil Hüseynli də hesab edir ki, Azərbaycanın Avropanın qaz bazarına daxil olmasını əngəllmək istəyən birinci qüvvə Rusiyadır.
Siyasi şərhçi "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Rusiya hər vasitə ilə Azərbaycan qazının Avropaya daxil olmasına əngəllər yaradır: "Bu əngəlləri əvvəl Gürcüstanda yaratmaq istədi , ancaq nail ola bilmədi. Sözsüz ki, Türkiyədə də mane ola bilməz. Daha sonra Yunanıstanda buna cəhd elədi, ancaq sonda Yunanıstan bu məsələdə geri çəkilməli oldu. TAP layihəsi TANAP layihəsinin bir hissəsidir. TAP əsasən İtaliya, Albaniya və lazım gələrsə, Serbiya istiqamətində gedəcək. İtaliyada buna müqavimət göstərilməsi oradakı müəyyən qüvvələrin də əməli olsa da, onlar böyük güc deyillər. İşləyən fəhlələrin daşa basılması mübarizə metodu deyil. Dövlət bu layihəyə icazə verib. Çünki Azərbaycandan İtaliyaya gələn və orada Albaniyaya gedən qaz Rusiya qazından xeyli ucuzdur. Yəni rəqabət qabiliyyəti də çoxdur. 5-10 nəfərin bu prosesə müqavimət göstərməsi layihənin qarşısını almaq demək deyil. Mən əminəm ki, TAP layihəsinə hökumətlər səviyyəsində, Avropa Birliyi səviyyəsində icazə verilib. Hətta onlar minnətçi düşüblər ki, Azərbaycan qazı Avropada rus qazını əvəz eləsin. Bu insanların etirazı heç bir nəticə verməyəcək”.
Politoloqun sözlərinə görə, Rusiya vaxtilə Bakı-Tiflis-Ceyhan neft kəmərinə də müqavimət göstərirdi, lakin alınmadı: "Yenə də Azərbaycanın enerji layihələrinin həyata keçirilməsinə müqavimət göstərmək istəyi baş tutmayacaq. Azərbaycan tərəfi bu işdən qalib çıxacaq. Əgər bir müddətdən sonra Qətər qazı da Avropaya daxil olsa, Rusiyanın Avropa bazarlarından sıxışdırılıb çıxarılması prosesi tamamilə başa çatacaq. Bizim heç kimə mane olmaq niyyətimiz yoxdur. Rusiya qazı onsuz Şimali Avropa ölkələrinə göndərilir. Ancaq Avropanın 1/3 hissəsini qazla Azərbaycan təmin edəcək. Bu layihənin İtaliyadan keçən hissəsində kimsə tikinti işlərinə mane olmaq istəyirsə, bu baş tutan deyil. Çünki qərarı Avropa Birliyi, İtaliya hökuməti verib. 5-10 nəfərin orada işləyən fəhlələri və texnikanı daşlaması işin sonluğuna təsir etməyəcək. Sadəcə olaraq, İtaliya hökumətinin niyə tədbir görməməsi, polisin niyə həmin şəxsləri həbs etməməsi sual doğurur. Ola bilər ki, yaxın vaxtlarda həbs edəcək. Mən TAP kəmərinin reallaşacağına qətiyyən şübhə etmirəm. Bu baş tutacaq və Azərbaycan qazı Avropaya daxil olacaq”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə "Yeni Müsavat”a açıqlamasında problemin Azərbaycan üçün elə də mühüm əhəmiyyət kəsb etmədiyini vurğuladı: "İtaliyada həmin ərazidən cəmi 8 kilometr boru keçməlidir. Bu o qədər də çətin iş deyil. Heç kompressor stansiyası da tikilməyəcək. Bu xətt əsas borunu, sadəcə, kompressor stansiyasına, yəni paylayıcı şəbəkəyə birləşdirəcək. 8 kilometr boru xəttini çəkmək üçün İtaliyaya 2 il vaxt bəs etməyəcək? Onların əsas işi Adriatik dənizinin altındadır. Bir də Yunanıstan və Albaniya ərazisindədir. Orada da işlər normal qaydada gedir. Əgər İtaliya hökuməti üzərinə düşən bu 8 kilometrlik hissəni çəkə bilmirsə, bu onun öz problemidir.
2020-ci ilin 1 yanvar tarixindən İtaliya həm şirkətlərə, həm də "Şahdəniz” konsorsiumu iştirakçılarına gündəlik müqavilə üzrə nəzərdə tutulmuş ödəmələrini edəcək. Bununla da məsələ bitəcək. Faktiki olaraq, bu prosesin Azərbaycan üçün o qədər də əhəmiyyəti yoxdur. Düzdür, qazımız məhz həmin gün Avropa bazarına getməyəcək, bu, 6 aydan və 1 ildən sonra da ola bilər. Necə ki, Türkiyə 2010-cu ildə 2007, 2008 və 2009-cu illərdə almadığı həcmlərə görə ümumilikdə 1,3 milyard dollar "Şahdəniz” konsorsiumuna ödəmələr etdi. TAP kəməri vaxtında reallaşmasa, Azərbaycan bu həcmləri digər ölkələrə sata bilər. Bizim yeraltı qaz anbarları imkanlarımız da var".
İ.Şabanın sözlərinə görə, belə olan halda Avropa və İtaliya özünün qeyri-ciddi bir ölkə olduğunu göstərmiş olacaq: "Çünki prioritet layihə elan etdiyi Trans-Adriatik boru kəmərini, Cənub Qaz Dəhlizinin son seqmentini hansısa ekoloji problemlər və yerli əhali ilə mübahisə nəticəsində həyata keçirməmiş olacaq. Nə hökumət, nə hüquq orqanları vaxtında bu məsələ ilə bağlı yerli əhali arasında iş aparmayıblar. Bu layihənin ekologiyaya zərər vurmayacağını onlara dolğun şəkildə çatdıra bilməyiblər. Əgər əhali əvvəldən razı idisə, onların indi yenidən etiraz etməsinin heç bir hüquqi əsası yoxdur. Belə bir əsasla ayağa qalxırlarsa, etiraz edənlər həbs edilməlidir. Çünki istənilən ölkədə hər bu cür layihədə kəmərin keçdiyi ərazilərdə yaşayan insanlarla iş aparılır, xəttin haradan keçəcəyi, ətraf mühitə necə təsir edəcəyi və sairlə bağlı əhali maarifləndirilir. İcmalarla görüşlər keçirilir. İtaliyada da bu icmalarla görüş zamanı belə bir narazılıq ortaya çıxmayıbsa, daha sonra ortaya çıxıbsa, deməli, icmalar bundan özlərinin və digər kommersiya qurumlarının və ya siyasi qurumların maraqları üçün istifadə edirlər. Bu isə cinayət məcəlləsinə düşür”.
Məlumat üçün qeyd edək ki, "No TAP” komitəsi və yerli bələdiyyə kəmərin keçdiyi ərazidə 200-dən çox çoxillik zeytun ağacının köçürülməsini əngəlləyə bilmişdi. Lakin məhkəmə şirkətin ağacları köçürməsinin qanuni olduğu haqda qərar çıxardıqdan sonra işlər yenidən başlamışdı.
TAP kəməri Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün həyata keçirilməkdə olan Cənub Qaz Dəhlizinin bir hissəsidir. Bu, Avropanın energetika təhlükəsizliyinə və qaz təchizatı mənbələrinin şaxələndirilməsinə yönəlmiş strateji əhəmiyyətli layihədir. Dəhlizlə ildə 10 milyard kubmetr "Şahdəniz” qazının Avropaya nəqli nəzərdə tutulur. Dəhlizin yaradılması və "Şahdəniz” yatağının ikinci fazasının açılması layihəsinin ümumi dəyəri 40 milyard dollar dəyərləndirilir.