Uşaqlarda qanazlığının ƏLAMƏTLƏRİ: ayıq-sayıq olun!

El arasında qan azlığı anemiya adı ilə daha çox tanınır. Bu xəstəlik böyüklərlə yanaşı, uşaqlar arasında da geniş yayılıb. Bəs uşaqlarda bu problemi yaradan səbəblər nələrdir? İctimaifikir.az bildirir ki,lent.az bununla bağlı pediatr Günay Rəsulovanın fikirlərini öyrənib.

Uşaqlarda qanazlığının ƏLAMƏTLƏRİ: ayıq-sayıq olun!

Həkim deyir ki, uşaqlarda qanazlığının əsas səbəbi dəmir əskikliyidir: "Digər səbəblər arasında uşaqlara çay vermək, 1 yaşdan tez uşaqlara inək südü içirtmək, gizli qanitirməyə səbəb ola biləcək bəzi xroniki xəstəliklər var. Bu xroniki xəstəliklərə inək südü allergiyası, seliakiya xəstəliyi, xroniki ishallar, qurd xəstəlikləri, mədə xorasını aid etmək olar. Bundan başqa, uşağın 6 ayı tamam olmamış əlavə qidaya başlamaq da qan azlığına səbəb olur. Bu qidalar ilk 6 ay ana südündəki dəmirin mənimsənilməsini pozur. Eləcə də əlavə qidaya gec başlamaq eyni problemi yarada bilər. Odur ki, 6 aydan sonra uşağın qida rasionuna dəmirlə, vitamin C ilə zəngin qidalar - ət, yumurta, meyvə, tərəvəz daxil edilməlidir".
 
Pediatrın sözlərinə görə, uşaqlarda ilk 6 ayda dəmir "depolarında" yığılan və ana südü ilə alınan dəmir hesabına qanazlığı demək olar ki görülmür. 6 aydan etibarən bu depolar tükənir və hemoqlobin düşməyə başlayır. Ona görə 5-6 ayından etibarən uşaqlara profilaktik dəmir preparatlarının (Ferropol) verilməsi qanazlığının qarşısını alır.
 
G. Rəsulova qanazlığının əlamətlərini sadalayır. Belə uşaqlarda avazıma, əl-ayaqda soyuma, halsızlıq, yuxusuzluq, iştahsızlıq, yeməkdən imtina etmə, immunitetin aşağı düşməsi, tez-tez xəstələnmə, tez yorulma halları olur: "İmmunitetin güclü olmasına əsas səbəb qan elementləridir. Anemiyası olan uşaqların immuniteti aşağı olur, tez-tez xəstələnirlər, ürəkdöyünmə, oksigen çatışmazlığı olur, ağır anemiyalarda ürək çatışmazlığı kimi fəsadların yaranması da mümkündür. Anemiyası olan uşaqlarda patoloji iştah baş qaldırır. Bu, normalda yeyilməsi mümkün olmayan nələrəsə qarşı iştahdır. Torpaq, təbaşir yemə, ayaqqabı mazı, neft iyləmə kimi meylləri olur. Uşağınızda sadalanan əlamətlər varsa, diqqətli olun. Qan analizi etdirin. Uşaqda qanazlığının olub-olmamasını bilmək üçün sadə bir hemoqramm yetərlidir. Sadə bir qan analizi ilə uşaqda qanazlığı varmı, hansı növüdür, qanazlığının səbəbi talassemiya daşıyıcılığıdırmı kimi mühüm bilgilər almaq olur. Əgər qan azlığı dəmir defisitinə bağlıdırsa, qarşısını alma və aradan qaldırma metodları tətbiq edilir. Əgər talassemiya daşıyıcılığı ilə bağlıdırsa, əksinə, dəmir preparatlarından uzaq durmaq lazımdır. Odur ki, indiyə qədər kimin körpəsinə qan analizi olunmayıbsa, mütləq olunsun. Qanazlığı xəstəliyi vaxtında diaqnostika olunarsa, kurs müalicə ilə aradan qalxır".




[email protected]