Azərbaycan “qara qızıl”dan hər gün nə qədər qazanır...

Vüqar Bayramov: "Hökumətin neftdən əldə etdiyi gündəlik məbləğ 23 milyon dollardır”

 Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib. Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 49,52 dollar, Londonun ICE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar azalaraq 52,09 dollar olub. 
"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 53,41 dollar təşkil edib.


Bəs görəsən, neftin hazırki qiymətində Azərbaycanın gündəlik gəlirləri nə qədərdir?

Image result for Vüqar bayramov


Bu sualı cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov "Yeni Müsavat”a açıqlamasında neftin ucuzlaşmasının səbəblərini izah etdi: "Son günlər neftin dünya bazarında qiymətinin aşağı düşməsi müşahidə olunur. Bir məqamı da nəzərə almaq lazımdır ki, neftin qiyməti ilə bağlı bir neçə ay öncə daha nikbin proqnozlar var idisə, bu gün proqnozlar o qədər də nikbin deyil. Səbəbi isə onunla bağlıdır ki, ABŞ və Kanada istehsalı olan ”şist neft" in, yəni "şeyl oyl”un maya dəyərində kəskin azalmalar baş verib. ABŞ-ın neft hasilatı kəskin artıb. Əgər bir neçə il əvvəl şist neftin maya dəyəri 65 dollardan yuxarı idisə, 2016-cı ildə 45 dollara qədər azalmışdısa, artıq şist neftin maya dəyərinin 35 dollara qədər azalması müşahidə olunur. Şist neftin maya dəyərinin azalması isə ABŞ və Kanadanın bazara daha çox neft çıxarmasına gətirib çıxaracaq. Bu isə OPEK və bir sıra qeyri-OPEK ölkələrinin bazarda yaratdığı boşluğun ABŞ tərəfindən tutulması deməkdir. OPEK hasilatın azaldılması ilə bağlı qərarın uzadılmasına qərar versə də, neftin maya dəyərinin aşağı düşməsi fonunda bunun uzun müddətli olacağı gözlənilmir. Əgər Səudiyyə Ərəbistanı bazardan çəkilirsə, ABŞ bazara daxil olur. Nəticədə Səudiyyə Ərəbistanından boşalan yeri ABŞ tutacaq. Bir müddət sonra Səudiyyə Ərəbistanı da bazardakı mövqelərinin zəifləməsində maraqlı olmayacaq. Nəticədə neft ölkələri neftin dünya bazarındakı qiyməti ilə bağlı azalmaya, yeni bir şoka hazır olmalıdırlar".


İqtisadçının sözlərinə görə, bu mənada iqtisadiyyatın neft gəlirləri üzərində qurulmaması, iqtisadiyyatın diversifikasiyası digər neft ölkələri ilə yanaşı, bizim üçün də vacibdir:"Azərbaycan gündəlik olaraq 596 min barel ixrac edir. Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan nefti 51,7 dollara təklif olunur. O zaman Azərbaycana daxil olan vəsaitin həcmi gündəlik olaraq 30,8 milyon dollardır. Bu, ölkəyə daxil olan gündəlik neft gəliridir. Bunun içində istehsal və daşınma xərcləri də var. Orta hesabla demək olar ki, bu məbləğin 75 faizi hökumətə çatır. Bu isə o deməkdir ki, hökumətin neftdən əldə etdiyi gündəlik məbləğ 23 milyon dollardır”.


Vüqar Bayramovun sözlərinə görə, neftin dünya bazarındakı qiymətində 1 dollarlıq azalma belə Azərbaycan üçün önəmlidir: "Neftin dünya bazarındakı qiyməti son dövrlər hiss ediləcək dərəcədə azalıb. Neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik olaraq, 1 milyon dollardan artıq fərq deməkdir. Ölkə üçün əhəmiyyətli fərqdir. Hətta neftin dünya bazarındakı qiymətində 1 dollarlıq azalma belə Azərbaycan üçün təsirlidir. Son rəqəmlər onu göstərir ki, Azərbaycanın neft satışından əldə olunan gəlirlərinin həcmində azalma var. Çünki digər tərəfdən də Azərbaycanın neft hasilatı azalır. Hasilatın azalması fonunda qiymətlər də aşağı düşürsə, nəticə etibarilə Azərbaycana daxil olan valyutanın həcmi aşağı düşür. Bu rəqəmlər isə onu deməyə əsas verir ki, Azərbaycan prezidentinin də dediyi kimi, biz nefti unutmalıyıq. Növbəti dövrlərdə Azərbaycan üçün yeganə alternativ qeyri-neft sektorunun inkişafıdır”.




[email protected]