Siqareti qadağa qanunu qəbul edilmədən tərgidin - faydalı məsləhətlər

Qanun qəbul olunmadan da ondan qurtulmaq mümkündür...

 Xəbər verdiyimiz kimi, Milli Məclisin 14 apreldə keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub. Layihədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanı tütün çəkilməsinin profilaktikası, tərgidilməsi, müalicəsi ilə əlaqədar tədbirlər həyata keçirir. Dövlət tibb müəssisələrində tütün çəkilməsinin müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Qanun layihəsinin 11-ci maddəsində deyilir ki, tütün istifadəsinin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması, o cümlədən "İnternet” informasiya-kommunikasiya şəbəkəsindən, habelə tütün istifadəsinin dayandırılmasına və tütün asılılığının müalicəsinə şərait yaradan, səhiyyə sahəsində dövlət siyasətinin işlənib hazırlanması və normativ-hüquqi tənzimləmə funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaradılmış və fəaliyyət göstərən "qaynar xətlərdən” istifadə yolu ilə həyata keçirilir.

Həmin maddədə qeyd edilir ki, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşların, o cümlədən fərdi sahibkarların və hüquqi şəxslərin vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütün istifadəsinin nəticələrindən qorunması sahəsində qanunvericiliyin pozulması məsələlərinə dair müraciətləri üçün "qaynar xətlər” yaradılması və ya "İnternet” informasiya-kommunikasiya şəbəkəsindən istifadə edilməsi nəzərdə tutula bilər.
Siqaret çəkən şəxs çəkməyəndən 13-14 il az yaşayır


Siqaret çəkənlər arasında isə indidən "yas başlanıb”. Qanun qəbul olunsa, siqaretdən asılılar üçün qara günlər başlanacaq. "Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, bu sahədəki mənzərəni və siqaret çəkənlərlə bağlı ilginc dosyeni nəzərə çatdırır.


Öncə ondan başlayaq ki, siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır. 1 siqaret insanın ömrünü 5 dəqiqə 30 saniyə azaldır. Bu gün siqaret xərçəng xəstəliyinin yayılma səbəbinin kökündə durur. Siqaret tüstüsünün verdiyi zərəri atom bombasının ətrafa saçdığı zəhərlə müqayisə edirlər. Siqaretin zərərləri haqda çox danışılıb. Ümumilikdə siqaret bütün orqanizmin fəaliyyətinə çox pis təsir göstərir, həzm sistemini pozur, tənəffüs orqanlarında müxtəlif xəstəliklər yaradır. Ağciyər və qırtlaq xərçənginin yaranma səbəbinin 90%-i siqaretlə bağlıdır. Qan dövranı sistemini pozur. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə infarkt və infarktdan ölüm halları 10 dəfədən çox müşahidə edilir. Bundan əlavə, siqaret çəkənlərdə yaddaş zəifləyir, buna səbəb damarlarda kirəclənmənin olmasıdır. Əhval-ruhiyyə pozulur, dəridə qırışlar yaranır və s. Bildiyimiz kimi, orqanizmdə bütün proseslər zəncirvari şəkildə bir-biri ilə əlaqədardır. Bunlardan birinin zədələnməsi digərlərinə də avtomatik şəkildə təsir edir.


Siqareti atan kimi... bunlar başlanır


Gəlin görək siqareti tərgitmənin ilkin faydaları nədir? Yəni orqanizm ilk dövrlərdə hansı dəyişimə uğrayır. Məsələn, 20 dəqiqə sonra qan dövranı tənzimlənir. Buna görə də əllər və ayaqlar isinməyə başlayır. 8 saat sonra qanda oksigenin həcmi artır. Ürəyin fəaliyyəti normallaşır. 24 saat sonra zəhərli maddə olan karbon monooksid orqanizmdən xaric olur. Ağciyərlərdəki bəlğəm azalmağa başlayır. 48 saat sonra nikotin orqanizmdə artıq olmur. Dad və qoxu hiss etmə qabiliyyəti normala dönür. 72 saat sonra tənəffüs yolları tüstüdən tam təmizləndiyi üçün nəfəs almaq asanlaşır. 2-12 həftə sonra qan dövranı bütün bədəndə düzəlir. Yerimək asanlaşır. 3-9 ay sonra öskürək, nəfəs darlığı düzəlir. Ağciyərin fəaliyyəti yüzdə 5-10 nisbətində artır. 5-10 il sonra infarkt riski heç siqaret çəkməmiş biri ilə bərabər olur. Ağciyər xərçənginə tutulma riski azalır.


Ən effektli üsul - akkapunktur - 12 saat çəkmək olmaz


Dünən bir çox tibb saytlarında gəzişmə edib, siqareti atmağın qızıl düsturlarını araşdırdıq. Məlum oldu ki, ən effektli üsul akupunktur sayılır. Akupunktur müalicəsinə getmədən öncə ən azı 12 saat boyunca siqaret çəkmək olmaz. Adətən iki və ya üç seans tətbiq etmək yetərlidir. Asılılıq səviyyəsi yüksək olanlar üçün 3 seans şərtdir. Hər seans 2-3 gündən bir baş tutur. Müalicə 100-125 manata başa gəlir. Müsbət nəticəyə 90 faiz söz verilir.


Hipnoz üsulu. Bu üsul köməkliyi ilə siqareti atmağın effekti var. Bu zaman siqaret şüur altında yerləşmiş və bu səbəbdən avtomatikləşmiş güclü bir asılılıq kimi təsvir edilir. Tez-tez təkrarlanan (ən azı 21 dəfə) hər düşüncə və ya davranış şüura keçərək qeydə alınır və vərdiş halına gəlir. Bu mənada hipnozun siqareti atmaq üçün effektli üsul olduğu qeyd edilir. Hipnozla siqaret çəkməyə səbəb olan vərdişlərin kökləri şüur altından silinir. Bu üsulu tətbiq edənlər, beş seans boyunca bezmədən, darıxmadan siqareti atdıqlarını söyləyirlər. Hər seans 75 manatdan başlayır. Müsbət nəticəyə yenə də 90 faiz söz verilir.


Başqa bir üsul Allan Carr adlanır. Bu üsulun yaradıcısı Allan Carr adlı bir insandır. O da gündə altı saatlıq bir psixoterapiya seansı ilə siqaret asılılığına son qoymağı hədəfləyir. Seans müddətində, fasilələr zamanı siqaret içmək olur, amma üçüncü mərhələdə son siqaretinizi çəkdiyiniz bildirilir. Üç ay içində siqareti tərgidə bilməyənləri seans pullarını geri qaytarırlar. Müəyyən seanslardan sonra bol su içmək və tez-tez duşa girmək də tövsiyələr sırasındadır.


İdman siqareti əvəzləyəcək ən yaxşı vasitədir. İdmandan sonrakı şirin yorğunluqdan sonra heç bir orqanizm üçün siqaret çəkmək cazibədar görünməyəcək. Buna görə də siqareti atmaq istəyənlərin step rəqsi, yoqa təlimi, tennis və ya qaçışa meyl etməsi arzuolunandır. Əgər bütün bu sadaladıqlarımıza siqareti atmağa qərar verdiyiniz ilk gün başlasanız, nəticə ikiqat uğurlu olar. Gimnastika ilə bağlı kitab alıb, içindəkiləri evdə tətbiq etmək də pis sayılmaz.


Siqareti atmaq istədiyiniz gündən bir gün öncə çoxlu siqaret çəkmək də arzuediləndir. Yəni siqaretin yarada biləcəyi ən bərbad vəziyyətə düşmək lazımdır ki, ondan iyrənmək də asan olsun. Duman içində bir otaq, acışan bir boğaz, ağızda nikotin dadı və qıpqırmızı gözlər.


Bu yeməkləri yeyin, bu addımları atın və siqaretə əlvida deyin


10 addımla bu istəyinizə daha tez nail ola bilərsiniz. Özünüzə güvənin. Əsas odur ki, siqareti tərk edə biləcəyinizə inanın. İlk olaraq siqareti atmaq səbəblərini və əldə edəcəyiniz qazancları yazın. Məsələn, daha uzun yaşamaq, özünüzü daha yaxşı hiss etmək, pul yığmaq, pis qoxumamaq. Yazdığınız qeydləri hər gün oxuyun.


Ailənizdən və dostlarınızdan sizin qərarınızı dəstəkləmələrini və kömək etmələrini istəyin. Siqareti atdığınız ilk günlərdə müəyyən çətinliklərlə üzləşəcəksiniz. Onlardan sizə qarşı daha səbirli olmalarını istəyin.


Siqareti atmaq üçün dəqiq bir gün təyin edin. Bu günün yeni həyatınızın başlanğıcı olduğunu düşünün.


Özünüz üçün xüsusi idman proqramı hazırlayın. İdman siqareti unutmaq üçün yaxşı vasitədir. Bundan əlavə, idman stressi azaldır, siqaretin bədəninizə vurduğu ziyanları aradan qaldırmağa yardım edir. Daha yaxşı olar ki, həftədə 3-4 dəfə 30-40 dəqiqə idmanla məşğul olasınlız.
Hər gün 3-5 dəqiqə nəfəs idmanı edin. Gözlərinizi yumun, burnunuzla dərindən nəfəs alın, nəfəsinizi bir necə dəqiqə saxlayın və yavaş-yavaş ağızla verin. Hər dəfə siz bu yolla daha təmiz nəfəs aldığınızın şahidi olacaqsınız.


Siqareti tamamilə atacağınızı təyin edəcəyiniz günə kimi müəyyən addımlar atın. Məsələn, siqaretdən gündəlik istifadəni azaldın. Hər gün başqa markalı siqaretdən istifadə edin.


Dişlərinizi tez-tez təmizləyin.


Çoxlu su için. Su hər mənada bədən üçün faydalıdır. Su bədəndən nikotin kimi zərərli maddələrin çıxarılmasına kömək edir. Su iştaha da azaldır.


Ağzınızdakı boğulma hissini aradan qaldırmaq üçün bir iş tapın. Məsələn, saqqız çeynəyin, su için, qoz-fındıq yeyin və s.
Siqareti tərk edəndən sonra özünüzü mükafatlandırın.


Siqaret aludəçiləri qidalanmaya xüsusi diqqət göstərməli, meyvə-tərəvəz məhsullarını çox istehlak etməli, səhər yeməyindən imtina etməməlidirlər. Araşdırmalara görə, siqaret çəkənlərin orqanizmində C, A, E, B qrupu vitaminləri çatışmır. Diyetoloqlar təsdiq edirlər ki, pomidor, bibər, badımcan, lobya, xiyar, kərəviz, alma, üzüm, nanəli konfetlər, quşqonmaz və süd siqareti atmağa kömək edir. Bu vərdişdən tez qurtarmaq üçün kofe, çay və kola içkisindən imtina etmək lazımdır. Tərkibində kofein olan bütün ərzaqlar siqaretdən alınan həzzi artırır. Siqareti atmaqda çətinlik çəkənlərə mütəxəssislər çoxlu sitrus meyvələri, güclü antioksidant kimi soğan, sarımsaq yeməyi məsləhət görürlər. Onlar siqaret çəkənlərin orqanizmində çatışmayan "C” vitamini ilə zəngindirlər. Hər gün mütləq 1000 mq C vitamini qəbul edilməlidir.





[email protected]