Azərbaycan Qətərə kosmetoloji məhsullar ixrac edəcək

Qətərə ixrac missiyası çərçivəsində ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib.

Azərbaycan Qətərə kosmetoloji məhsullar ixrac edəcək

İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

Nazir bildirib: "Cari ilin yanvarında 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə, Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin "Gulfood" beynəlxalq ərzaq, "Prowein" şərab sərgilərində sahibkarlarımız vahid ölkə stendləri ilə iştirak edib, çeşidli məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub".

Ş.Mustafayev daha sonra vurğulayıb ki, ixracın təşviqi tədbirləri ilə bərabər, bu sahədə inzibati prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması təmin olunur, xarici ölkələrdə ixracatçılarımıza dəstək ola biləcək təşkilati tədbirlər görülür: "Belə ki, elektron gömrük bəyannaməsinin tətbiqinə başlanılıb, ixrac üçün tələb olunan sənədlərin sayı azaldılıb, qeyri-neft məhsulları üzrə malların mənşə ölkəsinin müəyyən edilməsi üçün ekspertiza xidmətləri tarifləri orta hesabla 30 faiz, mənşə sertifikatının verilmə müddəti üç gündən bir günə endirilib".




[email protected]