Sabiq nazirdən turizmin inkişafı üçün təkliflər

Fikrət Yusifov: "Hədəf yaxın bir neçə ildə Azərbaycana gələn turistlərin sayını 8-10 milyon nəfərə çatdırmaq olmalıdır”


Statistik rəqəmlər son zamanlar ölkəmizə xaricdən turist axınının artdığını göstərir. 2016-cı ilin ilk üç ayı ilə müqayisədə bu ilin analoji dövründə ölkəmizə gələn xarici turistlərin sayında 24,9 faiz artım olub. Belə ki, 2017-ci ilin ilk üç ayı ərzində Azərbaycana 544 min xarici turist gəlib. Təkcə Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələn turistlərin sayı 65 min nəfərə yaxın olub. 2016-cı ildə Azərbaycana gələn xarici turistlərin statistikası da ciddi irəliləyişdən xəbər verir. Ölkəmizdə reallaşan beynəlxalq mədəni tədbirlər də turizmin inkişafına müəyyən töhfələr verir.


Lakin turizmdə ciddi irəliləyişə ölkə prezidentinin atdığı bir sıra mühüm addımlar əsas səbəbdir. Məsələn, "Asan viza” sisteminə keçid barədə prezident İlham Əliyevin verdiyi qərarın turizmin inkişafına ciddi təkan verdiyini əminliklə söyləmək olar. Üç ay ərzində "ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. Səksəndən çox ölkənin vətəndaşı elektron viza alır.


Ekspertlər hesab edir ki, turizmin daha da çiçəklənməsi üçün müvafiq hökumət qurumlarının, turizm obyektlərinin də işində ciddi fəallaşmalarına ehtiyac var. Turizmin getdikcə inkişafı Azərbaycanın maliyyə imkanlarına ciddi qatqı ola bilər. 
Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu gün dünya üzrə Ümumi Daxili Məhsulun strukturunda turizmin payı orta hesabla 10% səviyyəsindədir. Azərbaycanda isə bu rəqəm hələlik ümumdünya göstəricisindən aşağıdır. Qonşu Gürcüstanın ÜDM-də turizmin payı təxminən 8% ətrafındadır.

ÜDM-də turizmin payını optimal bir həddə qədər artırmaq üçün bizdə bütün imkanlar mövcuddur. Hökumət də məhz bunu nəzərə alaraq son illər ərzində ölkədə turizmin inkişafını hədəfləyən bir sıra layihələrin həyata keçirilməsinə rəvac verib: "Ölkə başçısının 2016-cı ildə turizmin inkişafı ilə bağlı imzaladığı bir neçə sərəncamla Azərbaycanda turizmin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. 2016-cı ildə müasir tələblərə cavab verən turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı rolunun daha da artırılması məqsədilə Azərbaycan Respublikasının Turizm Şurası yaradıldı. Şuranın əsas vəzifələrindən biri ölkə daxilində turizm sahəsinə aid olan bütün işlərin maksimum əlaqələndirilməsini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin qəbulu isə bu sahənin yaxın, orta və uzaq perspektivdə inkişaf konturlarını müəyyən etdi. İndi bu sahədə ən böyük hədəf yaxın bir neçə ildə Azərbaycana gələn turistlərin sayını 8-10 milyon nəfərə çatdırmaq olmalıdır”.


Sabiq nazir qeyd etdi ki, son illər Azərbaycana gələn turistlərin sayı sürətlə artır. Biz bu artım templərinə görə hazırda bütün dünyada liderlik mövqeyinə çıxa bilmişik. Bu çox yaxşı haldır. Lakin unutmayaq ki, Azərbaycana turist axınının bu şəkildə çoxalmasında regionda baş verən hadisələrin də rolu var: "Son illər ənənəvi turizm ölkələrində yaranmış qeyri-sabit və təhlükəli vəziyyət səbəbindən bir çox turistlər istirahət üçün məhz ictimai-siyasi sabitliyin mövcud olduğu Azərbaycanı seçməyə üstünlük verirlər ki, bu da tam başa düşüləndir. İnsanlar seçim edərkən ilk növbədə təhlükəsiz şəraitdə istirahət etmək istəyirlər. Təhlükəsizlik məsələlərinin yüksək səviyyədə olması turizmin inkişafında əsas şərtlərdən biri olsa da turizmdə qazanılan uğurların kökündə düzgün qiymət siyasəti və xidmətin keyfiyyəti dayanır. Bu səbəbdən də bizim turizm sektoru bu iki məsələni öz fəaliyyətinin əsasına qoymağı bacarmalıdır”.


F.Yusifov vurğuladı ki, ölkəyə turistlərin gəliş-gedişinin daha da asanlaşdırılmasını nəzərdə tutan viza rejiminin sadələşməsi və turistlərin burada etdikləri alış-veriş məbləğindən tutulmuş əlavə dəyər vergisinin geri qaytarılması kimi addımlar da turizmin inkişafında stimullaşdırıcı bir addım kimi dəyərləndirilməlidir.




[email protected]