Ötən il dünyada edam olunan insanların sayı açıqlandı

Edam hökmü ən çox Çin, İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistanda icra olunur.

 Ötən il dünyada edam olunan insanların sayı açıqlandı

İctimaifikir.az report-a istinadən xəbər verir ki, bu haqda "Amnesty International" beynəlxalq insan haqlarını müdafiə təşkilatının hesabatında bildirilib.

Təşkilatın məlumatına görə, ötən il İranda 567, Səudiyyə Ərəbistanında 154, İraqda 88 və Pakistanda 87 nəfər edam olunub. 
Hesabatda qeyd edilib ki, 2015-ci ilə müqayisədə 2016-cı ildə dünyada edam hökmlərinin icrası 37 faiz azalıb. Belə ki, 2015-ci ildə 1634, ötən il isə 1032 edam hökmü icra olunub. Təşkilat nümayəndələri hesab edirlər ki, edam hökmlərinin sayı ilk növbədə İran və Pakistanın hesabına azalıb.

Bildirilib ki, dəqiq məlumatlar verilmədiyindən Çində icra olunan ölüm hökmlərinin sayı hesabatda nəzərə alınmayıb. Ona görə ehtimal olunur ki, Çində bütün dövlətlərdə icra olunan ölüm hökmlərinin cəmi qədər insanlar edam olunur.

Hesabatda vurğulanıb ki, 2006-cı ildən ABŞ daha çox edamlar icra olunan 5 dövlətin siyahısına düşmür.

 

Avropa və Mərkəzi Asiya dövlətlərindən yalnız Belarus və Qazaxıstanda ölüm hökmü qüvvədədir. Belarusda 17 aylıq fasilədən sonra ilk dəfə 2016-cı ilin aprelində ölkənin 22 yaşlı vətəndaşı Reçitsı Sergey İvanov barəsində ölüm hökmü icara edilib.

Ötən il Fələstin Dövlətində, Botsvan və Nigeriyada uzun aradan sonra edam hökmü icra olunub.
Məlumatda bildirilib ki, hazırda dünyanın 104 dövlətində ölüm hökmü ləğv edilib. Qeyd edək ki, 1997-ci ildə belə ölkələrin sayı 64 idi. 




[email protected]