Neftin bahalaşması ölkənin iqtisadi durumunu düzəldəcəkmi...

İlham Şaban: "Hökumət öz işinin effektivlik əmsalını artırmayıb, yenə əvvəlki qaydasında işləyir; ən çox işləyən isə vətəndaşlardır”

 Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barelinin qiyməti 0,26 dollar bahalaşaraq 52,50 dollar, Londonun ICE birjasında "Brent” markalı neftin bir barelinin qiyməti isə 0,23 dollar artaraq 55,47 dollar olub.


Neftin bahalaşması iqtisadiyyatı neftin asılı olan ölkələrdən biri kimi Azərbaycanda da sevinclə qarşılanır. Məlum olduğu kimi, neftin qimyətinin artması paralel olaraq büdcə gəlirlərini artırır və bu da iqtisadiyyatın inkişafına zəmin yaradır.


Bəs görəsən, hazırda qara qızılın qiymətində müşahidə olunan artım davamlı olacaqmı? Yoxsa bu, müvəqqəti xarakter daşıyır?


Bu sualı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavablandırdı. O, "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, neftin qiyməti 55 dollar baryerini keçib və bu, neft hasil edən, iqtisadiyyatları neftdən asılı olan ölkələrdə yaxşı əhval-ruhiyyə yaradır: "Artıq 4-cü gündür ki, neftin qiyməti 55 dollardan yüksəkdir. Bu, geopolitik faktorlardan asılıdır. Suriyadakı faktorlar, ABŞ-ın gözlənilmədən Suriyaya raket zərbələri endirməsi neftin qiymətinin 2 dollardan çox bahalaşmasına gətirib çıxartdı. Buna cavab olaraq Rusiyanın, İranın etiraz etməsi, bundan əlavə, Amerikanın bu cür addımı atması da qiymətlərə təsir etdi. Hamı gözləyirdi ki, Tramp bu məsələdə mülayim mövqe nümayiş etdirəcək. Ancaq Tramp hərbçiləri təbrik etdi və daha bir gözlənilməz addım ataraq özünün hərbi gəmilərini Şimali Koreya sahillərinə göndərdi. Buradakı hərbi mənzərə dünyada geopolitik vəziyyəti bir qədər gərginləşdirdi. Neft marşrutlarının üzərində olan məsələlər, birjalara olan təzyiq və hazırda vəziyyətin dumanlı olması, nə zaman yekunlaşacağının müəmmalı olması neftin qiymətində müsbət bir dinamikanın yaranmasına səbəb oldu”.


İlham Şaban onu da vurğuladı ki, reallıqda bazarda tələb-təkliflə bağlı hər hansı dəyişiklik yoxdur: "Yəni qiymət artımının iqtisadi əsası yoxdur. Ötən həftənin əvvəlində neftin qiyməti təxminən 51 dollar idi. Birdən-birə qiymətin bu cür qalxmasına bazarın süni surətdə qızdırılması deyilir. Bu qızdırılma iqtisadi amillərlə bağlı deyil. OPEK ölkələrinin fəaliyyətində də hər hansı dəyişiklik yoxdur. Bazarın soyudulması baş verərsə, neftin qiyməti də öz əvvəlki məcrasına qayıdacaq, 52-53 dollar olacaq. Əgər hər hansı proseslər baş verərsə, gərginlik olarsa, bu, bazarlara təsirsiz ötüşməyəcək, neft yenə də 55 dollar ətrafında formalaşacaq”.


Hazırda neftin qiyməti əvvəlki illərlə müqayisədə ucuz olsa da, devalvasiyalardan sonra manatla ifadə etsək, əslində neftin qiyməti daha bahadır. Əgər neftin bir barelinin 100 dollar olduğu vaxtda, bu Azərbaycanda manatla ifadədə 78 manata bərabər idisə, indi bir barel neftin qiyməti 55 dollar, yəni təxminən 94 manatdır. Bu isə o deməkdir ki, manatın ucuz olduğu hazırkı vaxtda neftin 55 dollar ətrafında formalaşması hökumət üçün sərfəlidir.


Buna münasibət bildirən iqtisadçı qeyd etdi ki, məsələyə sırf maliyyə baxımından yanaşsaq, hökumətin əlində hansı iqtisadi alətlərin olduğunu görə bilərik: "3 ildən artıq bir dövrdə neftin qiyməti 100 dollar civarında oldu və o zaman hökumət daha çox qazanırdı. Ölkədə məhsullar və xidmətlər indiki ilə müqayisədə kifayət qədər ucuz idi. Büdcəyə yığılan vəsait bundan az idi. Ancaq indi bütün bu vəsaitlər neftin hesabına ödənilirdi. İndi isə hökumət çox maraqlı siyasət yürüdür, mal və xidmətlərin qiymətini artırır. Rəsmi göstəricilər reallığı əks etdirməsə də, 2014-cü illə müqayisədə bəzi məhsullar 100 faiz bahalaşıb. Bütün bunlar sadə vətəndaşların qənaəti hesabına həyata keçirilir. Vətəndaşlar gündəlik tələbat məhsullarına pul xərcləməyə məcburdurlar. Bunun hesabına hökumət həmin gəliri bərpa edir. Digər tərəfdən, hökumət özü də qənaət edir. Əgər əvvəllər 20 milyard manatdan artıq büdcə xərcləmələri həyata keçirilirdisə, indi rəsmi şəkildə onun yarısını xərcləyir. 2014-cü ildə də hökumət administrativ binalar tikirdi, yol çəkirdi, təmir işləri aparırdı, beynəlxalq tədbir həyata keçirirdi. Həmin işlər bu gün də aparılır. O zaman 20 milyardlıq büdcə ilə bunu həyata keçirirdi, indi isə 9 milyardlıq büdcə ilə həmin işləri yenə də görür. Halbuki Azərbaycan Venesuellanın durumunu yaşamalı idi. Lakin faktiki olaraq hökumət bu çətinlikləri yaşamır, normal olaraq öz həyatını yaşayır”.


İlham Şaban bu durumun səbəbini belə izah etdi: "Deməli, bunun iki normal izahı var. Əvvəllər bütün layihələrin qiyməti şişirdilmiş olub. İkincisi, hazırda mal və xidmətlərin qiymətləri həddindən artıq şişirdilir, bu pullar vətəndaşlardan yığılır, büdcəyə gəlir və onun hesabına edilir. Bu gün Azərbaycan vətəndaşı dərmanından tutmuş meyvə şirəsinə kimi bütün məhsulları digər ölkələrə nisbətən baha alır. Biz bu bahalığı məhz ona görə yaşayırıq ki, neft 50 dollardır, 100 dollar deyil. Hökumət öz işinin effektivlik əmsalını artırmayıb, yenə əvvəlki qaydasında işləyir. Ən çox işləyən isə vətəndaşlardır. O, öz büdcəsindən kəsir, hər şey edir ki, əvvəlki qaydada yaşaya bilsin. Digər tərəfdən, manat kütləsi o qədər azalıb ki, vətəndaşlar öz inkişafını itirib. Hökumət inkişaf edir, qarşısındakı məqsədi həyata keçirə bilir. Ancaq vətəndaşlar bunu edə bilmir. Azərbaycanda manat kütləsi hər il azalmağa doğru gedir. Vətəndaşların kreditə çıxış imkanı yoxdur, əmək haqqı azdır. Vəziyyətin paradoksallığı məhz bundadır”.




[email protected]