Vahid Əhmədov: “İnsanlar hamısı sosial yardım almaq istəyir, ancaq bunun da şərtləri var”

Ünvanlı sosial yardımın verilməsində niyə problemlər yaranıb?

 Son vaxtlar ünvanlı sosial yardımın verilməsi ilə bağlı şikayətlər artıb. Xüsusən bölgələrdə yaşayan imkansız ailələr ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi kimi hallarla üzləşirlər. Bu barədə mətbuatda da tez-tez məlumatlar dərc olunur. Bir çox ailələr isə əvvəllər ünvanlı sosial yardım aldıqları halda, indi müxtəlif bəhanələrlə bu müavinətdən məhrum ediliblər. Səbəb kimi isə hansısa ailə üzvünün adından olan kiçik torpaq sahəsi və sair göstərilib.


Bu məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahidə Əhmədov əvvəlcə sosial yardımın verilməsi ilə bağlı tətbiq olunan yeniliklərdən danışdı. O bildirdi ki, bəzi rayonlarda birdəfəlik sosial yardımın verilməsinə başlanılıb: "Bəzi rayonlarda fərdi təsərrüfatların qurulması ilə əlaqədar pilot layihələr həyata keçirilir. Lakin bu bütün rayonlara təqdim edilməyib. Mənim aldığım məlumata görə, cənab prezident tərəfindən müəyyən qədər vəsait ayrılıb və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi pilot layihə həyata keçirir. Mən bunu təqdirəlayiq hal hesab edirəm. Çünki artıq insanları ələbaxımlılıqdan kənarlaşdırmaq üçün onlara fərdi təsərrüfatlar yaradırlar, sonra təsərrüfatı ona təhvil verirlər ki, işləsin. Burada elə ciddi bir problem yoxdur. Bu, artıq Göyçayda tətbiq olunub. Digər rayonlarda da bu istiqamətdə iş gedir. Bu müsbət haldır. Həm insanların iş yeri məsələsi həllini tapır, həm də sosial yardım məsələsi...”


Ümumilikdə sosial yardımların verilməsində yaşanan problemlərə gəlincə, Vahid Əhmədov da bu istiqamətdə şikayətlərin artdığını təsdiq etdi: "Mən sonuncu dəfə Qubada olanda da ünvanlı sosial yardımın verilməsi ilə əlaqədar problemlər olduğunu eşitdim. İnsanlar hamısı sosial yardım almaq istəyir. Ancaq bunun da şərtləri var və bu kateqoriyaya düşənlər də var, düşməyənlər də. Çünki onlardan bəzilərinin torpaq sahəsi var, bəzilərinin adında maşın var. Bu kimi hallarda onlara sosial yardım düşmür. Ona görə də müəyyən narazılıqlar yarana bilir”.


İqtisadçı ekspert Vüqar Bayramov da "Yeni Müsavat”a danışarkən bildirdi ki, son illər ünvanlı sosial yardımın verilməsində şəffaflıq artıb: "Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişikliklər edilib. Əgər əvvəlki illərdə ünvanlı sosial yardım 1 il müddətinə verilirdisə və onlayn deyil, birbaşa müraciət etmək lazım gəlirdisə, indi artıq 2 il müddətinə verilir və onlayn şəkildə müraciətlər qəbul olunur. Bu həm də ünvanlı sosial yardım alanların sayına müəyyən qədər təsir göstərir. Elektronlaşma şəffaflığı artırsa belə, təcrübə onu göstərir ki, bir sıra bölgələrdə elektron xidmətlərdən istifadə etməklə ünvanlı sosial yardım almaqda müəyyən çətinliklər var. Bu da təbii ki, ünvanlı sosial yardım almaq istəyənlərin elektron xidmətlərdən istifadə edə bilməməsi ilə bağlıdır. Bu baxımdan, maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə ehtiyac var. Etiraf etmək lazımdır ki, son illər ünvanlı sosial yardımda əvvəlki illərlə müqayisədə şəffaflığı artırmaq mümkün olub. Çünki elektron ərizə forması imkan verir ki, məmurlarla ünsiyyətdə olmadan, birbaşa müraciət etmək mümkün olsun. Bu da çox vacib məqamdır. Hökumətin mövqeyi ondan ibarət olmalıdır ki, ünvanlı sosial yardım alan kateqoriyanın özünün məşğulluğunu təmin etsin”.


İqtisadçı onu da vurğuladı ki, ünvanlı sosial yardım proqramının mahiyyətinin dəyişdirilməsinə ehtiyac var: "Bu çox vacib məqamdır. Söhbət ünvanlı sosial yardım proqramlarının dayandırılmasından getmir və bu heç bir halda müzakirə oluna bilməz. Bu proqram yoxsulluq həddində yaşayanların dəstəklənməsi baxımından çox vacibdir. Asılılığın aradan qaldırılması üçün yaxşı olardı ki, hökumət mərhələli şəkildə ünvanlı sosial yardım alanların öz biznesinin, məşğulluğunun qurulmasına nail olsun. Hökumət və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti dövrdə çalışmalıdır ki, yardım alanlar öz fərdi bizneslərini qura bilsinlər. Bunun üçün onların biznesinin dəstəklənməsinə, xüsusi qrantların ayrılmasına, gələcəkdə onlara aşağı faizli kreditlərin verilməsinə ehtiyac var. Bununla da onların büdcədən asılılığını aradan qaldırmaq mümkün olacaq”.


Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxladıq. O bildirdi ki, ünvanlı sosial yardımın verilməsi əvvəlki qaydada davam edir və bu məsələdə hər hansı problem yoxdur.




[email protected]