Kəskin hava dəyişikliyi kənd təsərrüfatı üçün təhlükəlidirmi...

Mütəxəssis: "Bugünkü hava dəyişikliyinin ziyanlı olacağını düşünmürəm, ancaq...”


Ölkədə bir neçə gündür ki, ardıcıl olaraq qeyri-sabit hava şəraiti müşahidə olunur. Belə ki, aprelin 9-dək havanın temperaturu yüksək olsa da, sonradan bir neçə dərəcə aşağı endi. Ötən axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, səhərədək şimşək çaxıb, arabir yağış yağıb, dağlıq rayonlarda qar yağıb, hətta bəzi yerlərdə intensiz olub. Qar örtüyünün hündürlüyü Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 sm-ə çatıb.


Bu cür qeyri-sabit hava şəraitinin aprelin 11-dək davam edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, növbəti günlərdə hava şəraiti yağmursuz olacaq: "Aprelin 11-də günorta saatlarından sonra hava şəraiti sabitləşəcək. Ayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.


Ekspertlər qeyd edir ki, havaların bu cür qeyri-sabit keçməsi insan orqanizminə, xüsusən də metohəssas insanlara mənfi təsir göstərir. Hava dəyişkənliyinin xüsusən damarlarda, ürəkdə müəyyən problemlər yaratdığı bildirilir. Bəs bu cür hava şəraiti kənd təsərrüfatı üçün nə dərəcədə təhlükəli ola bilər?

Image result for Babək Tatlıyev

Babək Tatlıyev


Məsələ ilə bağlı ekspert Babək Tatlıyev "Yeni Müsavat”a danışıb. Ekspertin sözlərinə görə, təbiətin, bitkilərin oyanmasından sonra havanın kəskin surətdə dəyişməsi kənd təsərrüfatı məhsullarına zərər gətirir: "Lakin hələ o amili görmürəm ki, çox kəskin soyuqlar düşsün. Ən azı 10 gün, 2 həftə isti olmalıdır ki, təbiət oyanmağa başlasın. Bundan sonra qar yağarsa, açılan çiçəklər tökülə bilər. Bugünkü gündə hələ ki bu təhlükəni görmürəm. Lakin rayonlar, xüsusən də dağətəyi rayonlar haqqında məlumat almaq lazımdır ki, doğrudan da orda təbiət oyanıbsa və birdən-birə soyuqlar düşübsə, ola bilər ki, ziyan vursun. Bir daha qeyd edirəm, bu gün baş verən hava dəyişikliyini kənd təsərrüfatı üçün təhlükəli görmürəm”.




[email protected]