ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı martın 18-dən martın 24-dək 20 ədəd və ya 2,53% artaraq 809-a çatıb.
İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 21 ədəd və yaxud 3,33% artaraq 652 ədəd, qaz quyularının sayı 2 ədəd və yaxud 1,27% azalaraq 155 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd artaraq 2-yə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 280 ədəd və yaxud 75,27%, qaz quyularının sayı isə 63 ədəd və yaxud 68,48%, ümumilikdə isə neft-qaz quyularının sayı 345 ədəd və yaxud 74,35% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,06 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 59,48% aşağıdır.
"Baker Hughes"ə görə, ABŞ-da gündəlik neft hasilatı son 13 ayın maksimal həddinə çatıb və 9,129 mln. barel təşkil edib.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neft qiymətlərinin 50-65 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.