Manat Novruzdan çıxdı, bəs sonra...

Ekspertdən bədbin proqnoz: "Bayramdan sonra milli valyutanın dəyərdən düşməsini müşahidə edəcəyik”

 Budəfəki Novruz bayramının paytaxt Bakı üçün ötən ilki bayramlardan bir fərqi də minlərlə turistə ev sahibliyi etməsi oldu. Mərkəzi Bankın qərarı ilə valyutadəyişmə məntəqələri bağlandıqdan sonra turistlər dolları manata dəyişməklə bağlı çətinlik yaşadılar. Bəs, görəsən builki Novruz tətilində bənzər problem yaşandımı? Bank sektoru turizm sınağından necə keçdi? Manatın bayramdan sonrakı taleyi üçün proqnozlar nələrdir?


Bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bayram ərəfəsində manatın məzənnəsinin aşağı düşməsinin bir neçə səbəbi var idi: "Əvvəlcə, vurğulamaq lazımdır ki, bu məzənnə dəyişiklikləri inzibati qərarlarla tənzimlənir. Valyuta hərraclarına çıxan oyunçuların sayında və ya valyutanın həcmində heç bir dəyişiklik yox idi. Bayram öncəsi məzənnənin birdən-birə aşağı çəkilməsini iqtisadi məntiqlə izah etmək mümkün deyil. Bunun iki əsas səbəbi var idi. Birincisi, Mərkəzi Bank manat dövriyyəsini sıxmışdı, kifayət qədər sərbəst manat kütləsini müxtəlif alətlərlə bazardan toplamışdı. Bu da manat qıtlığına səbəb olmaqla valyutaya tələbi azaltdı, iqtisadi aktivliyə isə mənfi təsir göstərdi. İkinci səbəb ondan ibarətdir ki, Mərkəzi Bank bu qərarlarla banklara yardım etdi. Çünki bankların vəziyyəti çox ağırdır. Hazırda kredit verə bilmirlər, verdikləri krediti isə toplaya bilmirlər. Gəlirlilikləri kifayət qədər aşağı düşüb. Hətta rəsmi məlumatlara görə, keçən ili bank sektoru ümumilikdə 500 milyon manata yaxın zərərlə başa vurub. İndiki şəraitdə Mərkəzi Bank sanki banklara yardım etdi və məzənnəni aşağı salmaqla valyuta əməliyyatlarından pul qazanmaq üçün şərait yaratdı. Bu Novruz bayramında ölkəyə kifayət qədər çoxlu sayda turist gəldi”.


İqtisadçının sözlərinə görə, rəsmi rəqəmlər hələ açıqlanmasa da, elektron formada viza üçün müraciət edənləri nəzərə alsaq, xüsusən də İran və ərəb ölkələrindən gələn turistlərin sayı 30 minə yaxın olub: "Şəhərdə vizual olaraq da bunun şahidi olduq. Əsasən də İrandan gələnlərin sayı həddindən artıq çox idi. Həmin turistlərin gətirdikləri valyutanı daha aşağı məzənnə ilə dəyişərək sonradan daha yuxarı məzənnə ilə sataraq sonradan az da olsa gəlir əldə etməyi düşünürdülər. Mərkəzi Bank da bu yöndə onlara yardımçı oldu. Ötən il bu məsələdə problem yaranmışdı, turistlərin valyuta dəyişməsi məsələsi problemə çevrilmişdi. Ancaq bu il bankların marağı olub ki, bayram günlərində işləsinlər. Hətta bir çox bankların mərkəzi filialları da bayram günlərində işləyirdi. Bu mənada bayram günlərində dollar problemi yaşanmadı. Bu həm də bankların marağında idi. Banklarda 1.62-1.63 manata belə dolların alışı həyata keçirildi”.

Image result for Natiq Cəfərli


Natiq Cəfərli hesab edir ki, yaxın günlərdə Azərbaycanda manat dollar qarşısında ucuzlaşa bilər: "Bu gün artıq Novruz bayramı üçün gələn turistlərin geri dönüş günüdür. Mərkəzi Bank və banklar bir müddət əllərində olan valyutanı daha yüksək məzənnə ilə satıb, daha çox gəlir götürmək haqqında düşünəcəklər. Bu səbəbdən manatın məzənnəsində yenidən oynamalar müşahidə olunacaq və milli valyutanın dəyərdən düşməsini müşahidə edəcəyik.


Həmçinin beynəlxalq proseslər də buna təkan verir. Son 15 gündə neftin qiyməti təxminən 20 faiz aşağı düşüb, dolların məzənnəsi ilə bağlı dünya bazarında ciddi dəyişikliklərin olması gözlənilir. FED bu il ən azı iki dəfə faizləri artıracaq. Bütün beynəlxalq bazarlarda gedən proseslər və daxili amillər bunu deməyə əsas verir ki, aprel ayında manatın dəyərdən düşməsi sürətlənə bilər".


Natiq Cəfərli bəzi ticarət mərkəzləri və otellərin dollar qəbul etməsinə də münasibət bildirərək bunu mümkün hal hesab etdi: "Bu qanuni deyil, lakin mümkündür. Ümumilikdə, Azərbaycan ərazisində xarici valyuta ilə hər hansı bir əməliyyat həyata keçirilməsi qəti qadağandır və ciddi cərimələr nəzərdə tutulur. Belə halların olması da tamamilə təbiidir və mümkündür. Nə qədər mərkəzi filiallar işləsə də, valyutadəyişmə məntəqələri olmadığından dolların dəyişdirilməsində problemlər yaranır. Xarici ölkələrə biz görürük ki, hər addımbaşı valyutadəyişmə məntəqələri işləyir və turist üçün heç bir problem yaşanmır. Hətta bu VDM-lər gecə saat 12-yə kimi işləyirlər. Türkiyədə, Gürcüstanda və Rusiyada valyutadəyişmə məntəqələrinin sayı çoxdur. Bizdə isə VDM-lərin fəaliyyətini dayandırdılar. Bu, səhv qərar idi. Çox güman ki, bu qərara da yenidən baxılacaq. Çünki bunun bir müsbət effekti olmadı. Zərəri isə o mənada oldu ki, turistlər üçün də, vətəndaşlar üçün də bayram və istirahət günləri valyuta satışı həyata keçirə bilmədilər. Ola bilsin ki, bu səbəbdən otellərdə və istirahət mərkəzlərində valyuta ilə hesablaşma həyata keçirməyə üstünlük veriblər. Bu mümkündür”.




[email protected]