İqtisadçılar manatın məzənnəsinin sabit qalmasına niyə sevinə bilmir...

Martın 14-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7279 səviyyəsində formalaşıb.

 Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, martın 14-də 1 ABŞ dolları 1.7437 manat səviyyəsində müəyyən edilmişdi. Beləliklə, bu hərracda manat dollara nisbətən 0.91 faiz bahalaşıb. Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir. Son hərraca qədər isə əksinə, dollar bahalaşmışdı.


Bəs görəsən, manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadçılar necə yanaşır? Onlar bu prosesin davamlı olacağına inanırlarmı?


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, manatın möhkəmlənməsinin iqtisadi əsası yoxdur: "Manatın möhkəmlənməsi üçün baza yoxdur. Neft kəskin bahalaşmayıb. İdxal-ixrac əməliyyatlarında müsbət saldo yoxdur. Bu müvəqqəti haldır və uzun müddət davam edə bilməz. Dollar yenidən bahalaşacaq. Manatın bu şəkildə saxlanmasının iqtisadiyyata ziyanı var. Dövriyyədə olan manat kütləsi sıxıldığı, iqtisadiyyata kifayət qədər pul buraxılmadığı üçün bu, real sektora ziyan vurur”.

Image result for Natiq Cəfərli


İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, səbəblər çox bəsitdir və qısa zamana hesablanıb: "Birincisi, Mərkəzi Bank manat kütləsini azaldıb. Bu isə iqtisadi aktivliyi azaldır. Bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir. İkincisi, Novruz bayramında İrandan və ərəb ölkələrindən 20-30 min turist gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər. Üçüncüsü, banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub; dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”.


İqtisadçı onu da bildirdi ki, hazırda manatın möhkəmlənməsinə sevinmək bir qədər tezdir: "Əslində dolların ucuzlaşmağına sevinməliyik, amma mütəxəssis kimi bunun nədən baş verməsini anlamağa çalışırıq. Dollar nə zaman ucuzlaşa bilər? Ölkənin ixracatı artırsa, valyuta gəlirləri artırsa, ölkədə daxili istehsal artırsa, idxaldan asılılıq azalırsa dollar ucuzlaşa bilər. Lakin bu, amillərin heç biri hazırda müşahidə olunmur. Əksinə, FED faiz artımına gedir və dollar dünyada bahalaşır. Digər tərəfdən, neft qiymətləri kəskin ucuzlaşıb, son 10 gündə qara qızıl 12% dəyər itirib. Bundan dolayı ölkəmizin gəlirləri azalıb. Həmçinin ölkədə ilin ilk 2 ayında sənaye istehsalı 4 faiz azalıb, həmin dövrdə inflyasiya 13 faizə çatıb, ərzaq inflyasiyası 16 faiz olub. Deməli, ölkədə dolların möhkəmlənməsinin iqtisadi əsası yoxdur, əksinə, bütün iqtisadi göstəricilərə görə dollar bahalaşmalıdır. Bu iqtisadi göstəricilər onu deməyə əsas verir ki, dollar 2017-ci ildə 2 manatı keçəcək”.

Image result for Əkrəm Həsənov


İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da "Yeni Müsavat”a açıqlamasında Mərkəzi Bankın bu addımının məqsədini açıqladı: "Bayram günlərində ölkəyə xeyli turistin gələcəyi gözlənilir. Turistlər xarici valyuta gətirəcək. Həmin xarici valyutanı onlardan ucuz almaq istəyirlər ki, dövriyyədə manat kütləsi artmadan valyuta gəlirləri çoxalsın. Ümumiyyətlə, Mərkəzi Bankın manatı möhkəmlətməsi sırf manat kütləsinin kəskin azalması müqabilində mümkün olub. İstənilən əmtəənin miqdarını azaltsan, təbii, dəyəri artacaq. Bayram günlərində bank şöbələrinin çoxu işləməyəcək. Bu da imkan verəcək ki, işləyənlər dolların alış və satış qiymətləri arasında kəskin fərq tətbiq etsin. Yəni dolları ucuz alıb, baha satacaqlar. Düzdür, belə olsa, qara bazar da fəallaşa bilər. Hətta xaricilər də qara bazara üz tuta bilər bu halda. Çünki orada alış-satış fərqi çox olmayacaq. Ümumən isə əlbəttə ki, Mərkəzi Bankın bu siyasəti çox çəkməyəcək. İqtisadiyyata pul lazımdır. Hətta bəzi dövlət orqanları da əmək haqlarını aylarla vermir, çünki pul çatışmır. Ödəniş sistemi iflic olub: heç kəsin borcunu ödəmir, pulunu dollara çevirib devalvasiyanı gözləyir. Mərkəzi Bankı əvvəl-axır banklara kredit verib manat kütləsini artırmağa vadar edəcəklər və o zaman devalvasiya davam edəcək. Sadəcə, Mərkəzi Bankın indiki siyasəti iqtisadiyyata elə böyük ziyan vurur ki, bədəli çox ağır olacaq. İqtisadiyyatı pulsuz qoymaq insan orqanizmini qansız qoymağa bərabərdir. Son 2 ildə Mərkəzi Bank real manat kütləsini 4 dəfə (75 faiz) azaldıb. İnsan 20 faiz qan itirəndə artıq ölə bilər. İndi təsəvvür edin ki, iqtisadiyyatımız Mərkəzi Bankın mərhum Oqtay Haqverdiyevin təbirincə desək, bu ”lazımsız oyunları"ndan necə əziyyət çəkir".




[email protected]