Övladı olanlar, övladsızlardan çox yaşayırlar

"The İndependent" yazır ki, övlad valideyni olmaq insanın ömür uzunluğu gözləntisini, xüsusən də ahıl yaşlarında artıra bilər. Yeni elmi araşdırma göstərib ki, 60 yaşında uşaqlı valideynlər uşaqsız adamlardan orta hesabla iki il çox yaşayırlar.

 

Övladı olanlar, övladsızlardan çox yaşayırlar

İsveçin Karolinskja İnstituntunda Karin Modig və komandası milli statistikada 1, 4 milyon insana aid məlumatları təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Alimlər aşkar ediblər ki, azı bir övladı olanların ölüm riski uşaqsız adamlardan aşağıdır və bu hal özünü kişilərdə qadınlardan daha aydın göstərir.

"60 yaşda ömür uzunluğu gözləntisi kişilərdə iki il, qadınlarda isə ilyarım daha uzun olub" - deyilir Journal of Epidemiology & Community Health məcmüəsində dərc olunmnuş elmi məqalədə.

Alimlər bu nəticəyə gəliblər ki, ömür uzunluğu ilə valideynlik arasındakı əlaqə xüsusilə də ahıl yaşlarda daha çox qeydə alınır.

Məsələn 90 yaşlı övladsız kişilərdə ölüm riski 17. 7 faizdirsə, övladlı 90 yaşlılarda bu rəqəm 16, 2 faizdir.

Alimlər qrupuna rəhbərlik edən professor Modig "The İndependent" qəzetinə deyib ki, uşaqlar valideynlərə dava-dərman, tibb xidməti sahələrində kömək və ümumiyyətlə mənəvi dəstək olurlar.

Professor deyib ki, onun qrupu indi daha təfərrüatlı araşdırmaya hazırlaşır.

Maraqlıdır ki, övladların qız və ya oğlan olması valideynin ömür uzunluğuna eyni şəkildə müsbət təsir göstərir.

Bu təhlil 1911-1925-ci illərdə doğulmuş və İsveçdə yaşayan 704 min 481 kişi və 725 min 290 qadının məlumatları əsasında aparılıb.

Təhlillər göstərib ki, valideyn olan 60 yaşlı kişilər daha 20, 2 il də yaşamağa ümid edə bilərlər, halbuki övladsız 60 yaşlı kişilər üçün bu rəqəm 18, 4 ildir.

Müvafiq olaraq qadınlar üçün bu göstəricilər 24, 6 və 23, 1 ildir.

Valideyn olan kişilər 80 yaşında daha 7, 7 il yaşamaq şansına malikdirlər. Halbuki övladsız 80 yaşlı kişilər üçün bu rəqəm 7 ildir.

Qadınlar arasında nisbət 9, 5 və 8, 9 ildir.

Doktor Modig deyib ki, bundan sonrakı araşdırmalar övladların xasiyyətlərinin valideynlərin ömür uzunluğuna necə təsir etdiyinə aid olacaq (BBC).




[email protected]