“Petkim”dəki səhmlərini qazanmaq üçün satır-ekspert

İlham Şaban: "Səhmlərini satması o demək deyil ki, onun hansısa problemi var”

“Petkim”dəki səhmlərini qazanmaq üçün satır-ekspert
"SOCAR Turkey Enerji A.S.” Türkiyənin "Petkim” neft-kimya kompleksindəki payının daha bir hissəsini satmağı planlaşdırır. Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma İdarəsindən məlumat verilib. SOCAR-ın nəzarətində qalan 15,2 milyon ədəd səhmin bir hissəsinin satışı mart ayı ərzində baş tutacaq. Xatırladaq ki, "SOCAR Turkey Enerji” 2016-cı il oktyabrın sonunda hər birinin qiyməti 4,35 türk lirəsi olmaqla, 35 milyon səhmini satmışdı. Bəs görəsən, SOCAR-ın səhmlərini satmasının səbəbi nədir?


Bu sualı cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, SOCAR mütəmadi şəkildə öz səhmlərini satışa çıxarır və gəlir gətirən proseslərdən biridir:"Burada məqsəd əlavə gəlir qazanmaqdır. Əgər səhmlər birjada açıq satılırsa və SOCAR da burada paya malikdirsə, onların məqsədi budur ki, səhmlər daim bahalaşsın və satarkən daha çox gəlir əldə etsinlər. Buradan gələn gəliri isə müxtəlif məqsədlər üçün istifadə etsinlər. Dünyada bütün şirkətlərin təcrübəsində bu var. SOCAR-ın səhmlərini satması o demək deyil ki, onun hansısa problem var və ona görə oradakı səhmlərdən satır. İstənilən şirkət əgər hansısa səhmlərə maliyyə qoyursa, o maliyyədən daim yararlanmalıdır”.


Ekspertin sözlərinə görə, Azərbaycanın daxili bazarında bu cür hallar çox olmadığı üçün səhmlərin alqı-satqı prosesi, ondan yararlanmaq, şirkətlərin nəzarət paketini əldə etmək qəribə görünür: "Səhmləri alarkən siz şirkətin müəyyən faizlə nəzarət paketini əldə edirsiniz. Lakin bu o demək deyil ki, hər zaman sizin nəzarət paketiniz dəyişməz olaraq qalacaq. Əgər siz şirkətin 60 faiz nəzarət paketini almısınızsa, bu, gələcəkdə azala da bilər, 25 faiz də ola bilər. Əgər qazanc gətirəcəksə, həmin nəzarət paketinin 30 faizini də sata bilərsiniz. Önəmli olan mənfəətin əldə edilməsidir. Əgər siz səhmləri 100 dollara almısınızsa, sonra 120 dollar olubsa, satarkən mənfəət əldə edirsiniz. SOCAR da hazırda belə bir siyasət yürüdür. Onların uduzacağı heç nə yoxdur. SOCAR səhmləri artdıqca periodik olaraq bazara çıxaracaq”.




[email protected]