ABŞ xam neft ehtiyatları 25 fevral-3 mart hesabat həftəsində 8,2 mln. barel və ya 1,58% artaraq 528,4 mln. barelə yüksəlib.
"İctimaifikir.az" "Report" saytına istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Energetika Nazirliyinin Energetika
İnformasiyaları Agentliyinin həftəlik hesabatında verilib. Hesabatda bildirilib ki, xam neft ehtiyatlarındakı həftəlik artım hesabatın hazırlanmağa başladığı 1992-ci ildən bugünədək maksimal həcm olub.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falix göstəricilərə münasibət bildirərək deyib ki, neft ehtiyatlarında azalma gözləniləndən daha yavaş sürətlə gedir: "Belə bir vəziyyətdə biz iyun ayının sonunda bitəcək olan neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzada bilərik".
Mərkəzi Londonda yerləşən "CMC Markets" online investisiya şirkətinin Avstraliyanın Sidney bölməsinin baş maliyyə bazarları strajisti Maykl Makkarti (Michael Mccarthy) hesab edir ki, ABŞ neft hasilatçıları cari qiymətlərə uyğunlaşıb və hasilatı artırıblar:
"Lakin bu, OPEC və digər neft hasilatçılarının hasilatı azaltması hesabına baş verib. Belə bir vəziyyətdə neft qiymətləri düşə bilər. Əgər neft qiymətləri 40 dollar/barelə qədər azalsa 30 noyabr Vyana anlaşması dağıla bilər."
"Report" xəbər verir ki, ABŞ-da xam neft ehtiyatlarının kəskin artması neft qiymətlərinin düşməsinə səbəb olub. Belə ki, dünən axşam saatlarında göstəricinin açıqlanmasından sonra Brent markalı neft 56,65 dollar/bareldən 6,57% azalaraq 52,93 dollar/barelə geriləyib. "Report"un analitik qrupu neft qiymətlərindəki azalmanın 50 dolalr/barel səviyyəsinə qədər davam edəcəyini, daha sonra 65 dollar/barelə yüksələcəyini proqnozlaşdırır.