Azərbaycanın qiymətli kağızlar bazarında ən çox alınıb-satılan investisiya aləti məlum olub. Bu – Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarıdır.
Azərbaycanın istiqraz bazarında aparılan əməliyatların 76%-dən çoxu SOCAR İstiqrazlarının payına düşür. Bu barədə SOCAR istiqrazlarının təkrar bazarı üzrə market meyker olan «PSG Kapital» investisiya şirkətindən məlumat verilib.
2017-ci ilin ilk iki ayı ərzində Azərbaycanın qiymətli kağızlar bazarında istiqrazlarla 38,6 milyon dollarlıq və ya 69,7 milyon manatlıq əməliyyat həyata keçirilib. Bura Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları, korporativ istiqrazlar və Dövlət Neft Şirkətinin daxili bazar üçün buraxdığı SOCAR istiqrazları aiddir.
İlk iki ayın nəticələri göstərir ki, istiqraz bazarında əməliyyatların böyük hissəsi SOCAR istiqrazlarının payına düşür. Belə ki, yanvar-fevral aylarında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. Digər korporativ istiqrazlarla aparılan əməliyyatlar 7,4 milyon dollar, dövlət istiqrazları ilə aparılan əməliyyatların həcmi isə 1,7 milyon dollar təşkil edib.
Ümumiyyətlə, SOCAR istiqrazlarının təkrar bazara buraxılmasından keçən müddətdə bu kağızlar bazarda ən aktiv alınıb-satılan investisiya alətinə çevrilib.