Dollar-manat cəbhəsində əks proses başladı
Dollar manata qarşı tədricən möhkəmlənməkdə davam edir. Mərkəzi Bankın martın 3-nə açıqladığı məzənnəyə əsasən USD/AZN rəsmi məzənnəsi 1,7548 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, martın 2-də bu rəqəm 1,7515 manat təşkil edirdi. Ekspertlər isə dolların bundan sonra da möhkəmlənməkdə davam edəcəyini bildirirlər. Buna həm beynəlxalq amillər, o cümlədən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin gözlənilən iclası, həm də daxili amillər təsir edir.
İqtisadçı ekspert Natiq Cəfərli də "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dollar-manat münasibətləri hər zaman həm xarici, həm də daxili maillərdən asılı olub: "Son günlərdə baş verənlər bu asılılığı daha da gücləndirir. Bu da Amerikada FED-in uçot dərəcələrini artıracağı ehtimalının 80 faizdən yuxarı olması ilə əlaqədardır. Dünyada dollar sürətlə bahalaşır. Dollar indeksi son həftələrin ən yüksək səviyyəsindədir, artıq dünyada 103 punkta qədər bahalaşıb. Bu çox ciddi bir göstəricidir. Mart ayının 15-də FED-in uçot dərəcələrini artırması ehtimalı ekspertlər tərəfindən 86 faiz qiymətləndirilir. Bu da dünyada dolları bahalaşdırır. Təbii ki, Azərbaycana da təsirsiz ötüşmür. Dolların bahalaşması neftin qiymətinə də təsir edir. Dünən neftin qiymətində kəskin eniş oldu, dünya birjalarında qara qızıl 2 faizdən çox dəyər itirdi. Bu gözləntilər təbii ki, ətraf ölkələrə, o cümlədən Azərbaycana da təsir edir. Bu, beynəlxalq aləmdə baş verən proseslərdir”.
Ekspertin sözlərinə görə, mart ayı Azərbaycan manatı üçün ağır keçəcək: "Daxili proseslər haqqında bundan öncəki açıqlamalarımızda da demişdik ki, mart ayı həmişə valyuta üçün ağır ay olub. Bayramlarla əlaqədar tələbatın artması və ölkəyə gətirilən məhsulların həcminin artması ilə əlaqədar valyutaya tələbat artır. Həm də Novruz bayramı ilə bağlı 9 gün istirahət günü verilib, minlərlə Azərbaycan vətəndaşı ən azı yaxın ölkələrə getmək istəyəcək. Buna görə də valyutaya tələbat artacaq. Həm daxili, həm də xarici amillər manata basqıları artırır. Ona görə də düşünürəm ki, ayın son həftələrində dollar yenidən bahalaşa bilər.
Mərkəzi Bankın inzibati yolla məzənnəni 1.92 -dən yenidən 1.71-ə salması, sonradan 1.75-ə qədər qaldırması o qədər də yaxşı hesablanmış qərarlar deyil. Əksinə, belə kəskin oynamalar həm banklar üçün, həm də iş adamları üçün ciddi problemlər yaradır. Ona görə də düşünürəm ki, yenidən mart ayında manatın addım-addım dəyərdən düşməsinin şahidi olacağıq. Dollar əvvəlki rekord hədlərə qədər bahalaşa bilər, 1 dollar 1.92-1.93 AZN ola bilər. Əgər martın 15-də FED faizləri artırsa, bu dəyərdəndüşmə prosesinin sürəti arta bilər. Manat 1.90-1.95 koridoruna qədər qayıda bilər".
İqtisadçı ekspert Vüqar Bayramov isə dolların məzənnəsinin bir ay müddətində 1.75 ətrafında qalmasına baxmayaraq, qiymətlərin ucuzlaşmamasına münasibət bildirdi: "Bir ay öncə manat dollara nisbətən möhkəmlənməyə başladı. Belə ki, fevralın 3-də dolların kursu əvvəlki günə nisbətən 1.9200-dən 1.9110-dək dəyişdi. Nəticədə, manat bu günə 1.7548 məzənnəsi ilə daxil oldu. Xatırlayırsınızsa, manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalmalarının olacağını demişdilər. 1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur. Xüsusən də idxal olunan malların qiymətinin enməməsi və ya endirilməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətini artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər. Mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil. Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərinin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar, əksinə, yeni qiymət artımları ilə üzləşməsinlər”.