Dünya alimləri və müxtəlif elmi-tədqiqat mərkəzləri uzun sürən araşdırmalardan sonra planetdə vəhşi heyvan və quşların sürətlə məhv olmasının, bəzi canlı növlərinin yoxa çıxmasının səbəbini tapıblar.
Araşdırmalar göstərib ki, isti hava cərəyanı kütləsinin sürətlə nəhəng bir ərazini əhatə etməsi anomal dəyişikliklərə, canlılar aləmində fəsadlara səbəb olur.
Alimlər bəyan edirlər ki, bu gün Alyaskadan Meksikaya qədər, ümumilikdə 9 milyon kvadrat kilometri əhatə edən bir sahədə isti hava cərəyanı ucbatından problemlər yaşanır. İsti cərəyanın bunca geniş sahəni əhatə edəcəyi 4 il öncədən bəlli idi, amma həyata keçirilən tədbirlər təbiətdə baş verən fəlakətlərin qarşısını ala bilməyib.
Alimlər faktiki olaraq yekdilliklə belə qənaətə gəliblər ki, vəhşi təbiət sakinlərinin kütləvi şəkildə məhvinə gətirən məhz böyük iqlim dəyişkənliyində mühüm rol oynamış isti hava cərəyanı kütləsidir.