Manatın kursunun sabitliyi sosial-siyasi sabitliyə bərabərdirmi?

İqbal Ağazadə: "Manatın sabit olmasının arxasında maliyyə sabitliyi olmalıdır”; Qubad İbadoğlu: "Manat sabitləşsə də, sadə insanların həyatında müsbət dəyişiklik hiss olunmur”

Fevral ayının əvvəlindən başlayaraq manatın məzənnəsi dollara qarşı müəyyən qədər möhkəmləndi və təxminən bir aya yaxındır ki, 1 dollar 1.73-1.74 AZN ətrafında möhkəmlənib. Bu sabitlik səbəbindən valyuta bazarındakı ajiotaj da müəyyən qədər sakitləşib. Lakin biznesi strukturlarında çalışanlar manatın məzənnəsinin uzun müddət bu səviyyədə qalacağına ümid etmirlər. Buna baxmayaraq cəmiyyətdəki gərginlik müəyyən qədər azalıb. Sanki manatın məzənnəsindəki sabitlik sosial-siyasi sabitliyin yaranması üçün də bir əsasdır.

Bəs, görəsən hökumətin manatı stabil saxlamaqda əsas məqsədi sosial-siyasi sabitliyə nail olmaqdırmı?

"Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, manatın məzənnəsinin sabitləşməsi hələ ki sadə insanların həyatında heç bir müsbət rol oynamır: "Hesab etmirəm ki, manatın məzənnəsinin qısa bir müddətdə sabit qalması kimlərinsə sosial-iqtisadi durumunu yaxşılaşdırıb. Sadə insanların həyatında hələ ki, müsbət dəyişiklik hiss olunmur. Gündən-günə artan qiymətlər son nəticədə əhalinin xərclərini də artırır. Manatın möhkənlənməsi son nəticədə qiymətlərin ucuzlaşmasına gətirib çıxartmır. Əksinə manat nə qədər ucuzlaşsa da qiymətlər artmaqda davam edir. Atan xərclər dəyişməz qalan gəlirlərlə müqayisədə vəziyyəti sosial baxımdan daha da gərginləşdirir. Bu baxımdan mən hesab edirəm ki, manatın məzənnəsinin müəyyən səviyyədə stabil qalması sosial baxımdan ciddi dəyişikliklərə səbəb ola bilməyəcək. İqtisadi qanunlara uyğun olaraq bu əslində istehlak mallarının qiymətinin stabilləşməsinə gətirib çıxarmalı idi. Ancaq son zamanlar bizim müşahidələrimiz onu göstərir ki, qiymətlər bahalaşmaqda davam edir. Xüsusilə də ən çox bahalaşmaya məruz qalanlar elə idxal mallarıdır”.


Q.İbadoğlunun sözlərinə görə, məzənnə siyasəti Azərbaycanın hazırda həyata keçirdiyi iqtisadi siyasətlə uzlaşmır: "Çünki Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi, eyni zamanda idxalı əvəz edən yerli istehsalın formalaşması, bunun bazasında da ixrac potensialının artırılmasıdır. Bugünkü məzənnə siyasəti ölkədə istehsalı deyil, idxalı stimullaşdırır. Bu da əhalinin sosial vəziyyətini daha da pisləşdirir. Bu da o qənaətə gəlməyə əsas verir ki, Mərkəzi Bank manatı sabit saxlamaq üçün bütün valyuta ehtiyatlarını səfərbər edib. Bunun üçün kifayət qədər valyuta sərf olunur. Bu siyasət nə sosial, nə də iqtisadi hədəflərə uyğun deyil, əksinə Azərbaycan iqtisadiyyatının kiçilməsinə gətirib çıxaracaq. Milli iqtisadiyyatın beynəlxalq bazarlardan asılılığını daha da gücləndirəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, manatı bu şəkildə uzun müddət sabit saxlamaq mümkün deyil: "Ancaq hökumətin nə məqsədlə bunu etdiyini demək çətindir. Düşünürəm ki, manat bu şəkildə çox davam etməyəcək. Konkret olaraq mart ayının sonunda, Novruz bayramı ərəfəsində manatın məzənnəsi yenidən oynamağa başlayacaq, dollara qarşı ucuzlaşacaq. Manatın sabit olmasının arxasında maliyyə sabitliyi olmalıdır. Neftin qiyməti sabit deyil. Qalxıb-enən şkala üzrə hərəkət edir. Azərbaycanın neftdən gələn gəlirləri azalıb. Həm qiymətə görə, həm də hasilatın azalmasına görə neft gəlirləri məhdudlaşıb. Azərbaycanda daxili bazarın tələbatını ödəyən istehlak mallarının 70 faizi xaricdən gətirilir. Mütəmadi olaraq idxal məhsullarının alınmasına görə ölkədən külli miqdarda valyuta çıxır, ancaq bir o qədər valyuta daxil olmur. Bu proses də mütləq şəkildə manatın dəyərdən düşməsi ilə nəticələnəcək”.


Müxalifət lideri onu da vurğuladı ki, manatın məzənnəsindəki sabitliyin birbaşa sosial-siyasi sabitliyi təmin etdiyini demək mümkün deyil: "Çünki Azərbaycanda sosial siyasətlə ictimai-siyasi vəziyyəti xarakterizə edən siyasət hələlik bir-birindən məsafəcə xeyli uzaqdır. Adətən sosial-iqtisadi böhranlar siyasi kataklizmlərə gətirib çıxarır. Arzu edək ki, Azərbaycanda sosial-iqtisadi böhran siyasi kataklizmə gətirib çıxartmasın. Bu ölkə üçün problem yarada bilər. Ancaq bizim kimi ölkələrdə bu baş verir. Xüsusilə qeyd etmək istəyirəm ki, mart, aprel, may ayları iqtisadi baxımdan ən ağır aylardır. Çünki köhnə məhsulların azaldığı bir dövrdür, kənd təsərrüfatı hesabına dolanan insanlarda da təsərrüfat malları tükənməyə doğru gedir. Ona görə də bu aylar sosial-iqtisadi baxımdan ağır hesab olunur. Azərbaycandakı iqtisadi vəziyyət isə hələ ki, müsbət bir impuls vermir ki, vəziyyət nəyin əsasında dəyiş bilər. Çünki ölkəyə məhsulların əksəriyyəti xaricdən gətirilir. İstehlak mallarına görə külli miqdarda valyuta ödənilir”.




[email protected]