“Manatın məzənnəsi 3 il sabit qala bilməz” - Ekspert beynəlxalq reytinq agentliyinin nikbinliyini bölüşmür

"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2019-cu ilin sonuna qədər ABŞ dollarının orta məzənnəsinin 1.89 manat olacağını ehtimal edir. "Report” agentliyinin məlumatına görə, hesabatda yaxın 3 ildə dünya bazarında "Brent” markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. Proqnoza görə, agentlik 2017-ci ildə neftin orta qiymətinin 45, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 dollar olacağını gözləyir.


Ancaq qeyd edək ki, agentliyin manatla bağlı bundan öncəki proqnozu özünü doğrultmayıb. Belə ki, ötən ilin aprelində "Fitch”in analitik qrupunun rəhbəri Dmitry Vasiliev 6-12 ay ərzində manatın məzənnəsinin sabit qalacağını söyləmişdi. Lakin bəlli olduğu kimi bu, baş vermədi və 2016-cı ilin oktyabrından başlayaraq manat dollara nisbətən davamlı dəyər itirdi.
Agentlik Azərbaycanın reytinqinə sonuncu dəfə ötən ilin fevralında "əl gəzdirib”. Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqi "BBB-” səviyyəsindən "BB+” səviyyəsinə endirilmişdi. Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "mənfi”dir. Hesabatda bildirilirdi ki, buna səbəb neftin ucuzlaşmasıdır.


Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov manatın məzənnəsi ilə bağlı öz hesablamalarının olduğunu dedi: "Azərbaycanda neft qiymətləri bugünkü səviyyəsini saxladığı təqdirdə, eyni zamanda bank kreditləşməsi, büdcə xərcləməsi, ixracda qeyri-neft məhsullarının həcmi və digər bu kimi sahələrin dinamikası nəzərə alındıqda, 2017-ci ilin sonuna bizim manat üçün proqnozumuz 2.20 və bunun üzərində olan bir rəqəmdir. Ümumilikdə, 2.20 və 2.50 arası rəqəmlər müşahidə oluna bilər. Ancaq stabilləşmə üçün tərəfimizdən bir ABŞ dollarının dəyəri 2.20 AZN olaraq qiymətləndirilib. Bu hesablamalar aparılarkən daxili və xarici faktorlar, tədiyyə balansının göstəriciləri və eyni zamanda 2016-cı il dekabrın 30-da Mərkəzi Bank tərəfindən pul siyasəti ilə bağlı yayılan hesabatdan götürülmüş tədiyyə balansının kəsiri ehtimalı da nəzərə alınıb. Bu kəsir 5 milyard dollardır. Bu günə qədər bütün ehtimalları məhz Mərkəzi Bank tərəfindən proqnozlaşdırılan 5 milyard kəsir səviyyəsində qurmuşuq. Əgər söhbət yalnız heç bir faktorların dəyişmədiyi və yalnız neftin qiymətinin dəyişdiyi situasiyadan gedirsə, bu zaman tədiyyə balansında olan 5 milyard kəsiri kompensasiya etmək bir qədər çətindir. Belə ki, hazırkı şərtlər daxilində Azərbaycanın ixrac etdiyi neftin qiymətinin təxminən 30-35 dollar həcmində bahalaşmasına ehtiyac var. Yəni, Azərbaycan neftinin il ərzində orta hesabla hər barrelinin 10 dollar bahalaşması nəticəsində, ölkənin əldə etdiyi gəlir təxminən 1.2-1.3 milyard dollar səviyyəsindədir. Belə bir halda 5 milyardlıq kəsiri kompensasiya etmək üçün hazırda biz 55-57 dollara satdığımız nefti təxminən 90 dollara satmalıyıq”.


Ekspertə görə, strateji yol xəritələrinin hazırlanması və bu istiqamətdə fəaliyyətlərin həyata keçirilməsi, növbəti dövrlərdə manatın məzənnəsinin neft faktorundan asılılığını nisbətən zəiflətməyə çalışacaq: "Hələlik isə digər istiqamətlərdə, yəni birbaşa xarici investisiyaların cəlbi, qeyri-neft ixracının artırılması kimi məsələlər həll edilmədiyi müddətcə hökumət çalışacaq ki, Mərkəzi Bank vasitəsi ilə daha sərt pul-kredit siyasəti həyata keçirsin. Yəni hökumət, manat kütləsini tənzimləməklə, müəyyən qədər məzənnənin daha sürətlə dəyişməsinin qarşısını almağa çalışacaq. Ancaq düşünmürəm ki, ”Fitch"in proqnozlaşdırdığı kimi 2019-cu ilə qədər dollar 1.89 manat olacaq. Hesab edirəm ki, 2019-cu ildə bir dollar təxminən 3-3.5 manat səviyyəsinə qalxacaq. Əgər qiymətlər dəyişməsə və digər faktorlar üzrə hazırkı status-kvo qorunarsa, qeyd etdiyim rəqəmləri görəcəyik. Söhbət qeyri-neft sektorunda 2016-cı ildə olduğu kimi azalmanın baş verməsindən və ya sabit qalması halından gedir. Onu da nəzərə almışıq ki, uzun müddət hökumət manat kütləsini cilovlamaqla məzənnə siyasətini həyata keçirə bilməz. Belə olduğu təqdirdə bu, digər iqtisadi sferalara da öz mənfi təsirini göstərər. Necə ki, 2016-cı ildə ölkə iqtisadiyyatında 3.8 faiz kiçilmə baş verdi. Əgər hökumət və Mərkəzi Bank sərt pul siyasətini davam etdirərsə, bu kiçilmə növbəti illərdə də təkrarlana bilər. Ona görə də bu siyasətin uzun müddət davam etdirilə bilinməyəcəyini nəzərə alaraq, hesablamalar aparmışıq. Həmçinin 2018-2019-cu illərdə kreditləşmə səviyyəsinin artırılmasını da nəzərə almışıq. Digər faktorlar dəyişməzsə, belə olduğu təqdirdə dediyim kimi, 1 dollar 3.5 manat səviyyəsinə qədər yüksələcək. Ancaq ümid edirik ki, bu, baş verməyəcək".


R. Həsənov mart ayı üçün manatın məzənnəsində hansı dəyişikliyin olacağı ilə bağlı da proqnoz verib: "Bəzilərinin söylədiyi kimi dolların 1.30 AZN olma ehtimalı ümumiyyətlə, sıfıra bərabərdir. Ancaq 1.90 ətrafında bir məzənnənin və 2 manat psixoloji həddin hələ ki, mart ayında davam edəcəyini gözləyirik. Hazırkı valyuta tələbi və valyuta bazarında indiki situasiya nəzərə alınarsa, mart ayında tələbin artması fonunda 2 manatlıq psixoloji həddin keçiləcəyini proqnozlaşdırırıq. Bu baxımdan da düşünürəm ki, manatın dollara nisbətdə 1.80-2 AZN arasındakı məzənnəsi bir neçə ay bundan sonra da öz mövcudluğunu qoruyub saxlayacaq”.




[email protected]