Elxan Şahinoğlu: "Tehranın Bakı ilə İrəvan arasında balans saxlaması getdikcə çətinləşəcək”
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin İrana səfəri son günlərin əsas müzakirə edilən məsələlərindən biri oldu. Ekspertlər bu səfərdən sonra rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı mühüm addımlar atdığını deyirlər.
Araz çayı üzərində reallaşdırılan "Xudafərin və Qız qalası” su-elektrik stansiyalarının tikintisinin müzakirəsinin sıradan bir hadisə olmadığı deyilir. Maraqlıdır ki, tikiləcək su elektrik stansiyasının Azərbaycan tərəfi erməni işğalı altındadır. Bu isə ondan xəbər verir ki, İran bu ərazilərin azad edilməsi üçün önəmli addımlar atacaq dövlətlərdən biri olmağa məcburdur. Artıq İran tərəfi stansiyanın tikilişi üçün hərəkətə keçib, lakin Azərbaycan tərəfin bu imkanları yoxdur.
Politoloq Elxan Şahinoğlu Ş.Mustafayevin Güney Azərbaycanda keçirdiyi tədbirlərin sıradan bir hadisə olmadığı qənaətindədir: "Şahin Mustafayevin keçən həftə İrana səfəri diqqəti cəlb edir. Onun İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi (həm də İran-Azərbaycan birgə işçi komissiyasının həmsədridir) Tehranda deyil, məhz Güney Azərbaycanın şəhərlərində keçirdiyi birgə iqtisadi tədbirlər önəmli idi. Azərbaycanla İran arasındakı əməkdaşlığın genişlənməsi Arazın hər iki tərəfində yaşayan azərbaycanlılar arasında təmasları və gediş-gəlişi artırmağa imkan verir. Bu baxımdan İranın Neftçalada avtomobil istehsal edəcək zavod tikməsi, Pirallahıda dərman istehsal edən fabrikin inşasına başlaması, qeyd edildiyi kimi iki ölkəni birləşdirən dəmiryolu tikintisinin sona yaxınlaşması və planlaşdırılan digər ortaq layihələr ilk növbədə İranda və Azərbaycanda yaşayan millətlərin xeyrinədir. Qəbələ ilə Urmiya arasında təyyarə reysinin açılması xəbərinin anons edilməsi İrandan Azərbaycana turist axınını artıracaq. Ümumiyyətlə hər il keçirilən Novruz bayramlarında İrandan Azərbaycana gələn turistlərin sayı artır və artıq İran vətəndaşları yalnız Bakıya deyil, Şəki, Qəbələ, Quba kimi turistik məkanlarda da rahat istirahət edirlər. Şahin Mustafayevin İrana səfəri Araz çayı üzərində reallaşdırılan ”Xudafərin və Qız qalası" su elektrik stansiyalarının tikintisinin müzakirəsi ilə də yadda qaldı. Bu layihənin reallaşması həm iqtisadi, həm də geosiyasi baxımdan Azərbaycan üçün vacibdir. Bu layihənin təşəbbüskarı Azərbaycan prezidenti İlham Əliyevdir. Doğrudur bu layihə hələ SSRİ dövründə müzakirə predmeti idi. Ancaq real olaraq "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş 2016-cı ilin fevralın 23-də imzalanıb. Layihələr hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub. Layihə Azərbaycan torpaqlarının suvarılmasına böyük imkanlar yaradacaq. Layihə çərçivəsində tikilmiş bəndin hündürlüyü 64 metr, uzunluğu 400 metrdir. Su tutumu 1,6 milyard kubmetrdir".
Politoloq layihənin siyasi əhəmiyyətindən söz açdı: "Bu layihənin siyasi əhəmiyyəti ondadır ki, sazişdə hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanıb. Məsələ burasındadır ki, tikiləcək su elektrik stansiyasının Azərbaycan tərəfi erməni separatçılarının işğalı altındadır. Yəni işğala baxmayaraq, Azərbaycan İranla birgə Araz çayı üzərində su elektrik stansiyasının tikintisinə davam edəcək. Bunun reallaşdırılmasının isə iki yolu var. Birinci yol odur ki, Arazın Azərbaycan tərəfi işğaldan azad olunmalıdır ki, su elektrik stansiyasının Azərbaycan tərəfdən də tikintisi başlasın. İkinci yol da var. Azərbaycan inşaatçıları təhlükəsizlik təminatı altında İran tərəfdən Arazın Azərbaycan tərəfinə keçib tikinti işlərinə başlayacaqlar. Əgər erməni separatçıları Azərbaycan inşaatçılarına hücum çəkərsə, bu İrana qarşı da təxribat kimi qiymətləndiriləcək. Çünki Araz çayı üzərindəki su elektrik stansiyası Azərbaycanla yanaşı İrana da məxsusdur. Ermənistan hakimiyyəti tikintiyə qarşı təxribat həyata keçirərsə, İranla üz-üzə qalacaq. Rəsmi İrəvan isə İrandan qorxur. Ona görə də Bakının Tehranla birgə Araz çayı üzərində birgə su elektrik stansiyasının tikintisinə başlaması işğalçı Ermənistanı mürəkkəb duruma sürükləyəcək. Şahin Mustafayev İran-Azərbaycan sərhədinə gələn helikopterlər hesabına Arazın o biri hissəsindəki işğal altındakı Xudafərin kəndini yaxından izləmək imkanına malik olub. İran tərəfinin buna imkan yaratmasının özü müsbət hadisədir. Şahin Mustafayev yaxın məsafədən kəndə baxdıqdan sonra bu sözləri deyib: ”Azərbaycanın Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yerlə yeksan edilib, infrastruktur tamamilə məhv edilib. Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, reyslər və şpallar sökülərək daşınıb".
Azərbaycanın iqtisadi inkişaf naziri prezident İlham Əliyevin tapşırığı ilə Qarabağdakı Cocuq Mərcanlı kəndinin bərpasını xatırladaraq belə bir ifadə də işlədib: "Xudafərin” və "Qız qalası” layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılacaq. "Xudafərin” və "Qız qalası” layihəsi prezident İlham Əliyevin və onun iranlı həmkarı Həsən Ruhaninin siyasi iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür". Bu, o deməkdir ki, hələ işğala son qoyulmamış Azərbaycanın müxtəlif yollarla Araz çayı üzərində su elektrik stansiyasının tikintisinə başlamasına Tehran da razıdır. Bu məsələyə rəsmi İrəvanın reaksiyası hələ yoxdur. Ancaq bütün hallarda bu tikintini İrəvan nə Bakıya, nə də Tehrana qadağan edə bilər. Beləliklə, rəsmi Bakı Dağlıq Qarabağ ətrafında işğal altındakı bölgələrdə Ermənistan ordusuna diskomfort yaratmaqda davam edir. Bir tərəfdən Azərbaycan ordusu Ermənistan ordusunun işğal altındakı postlarını, canlı qüvvəsini və hərbi texnikasını vurur, ikinci tərəfdən Araz çayı üzərində tikintisi planlaşdırılan su elektrik stansiyası İrəvanı Tehranla qarşı-qarşıya qoyacaq. İranın Azərbaycanla Ermənistan arasında balans saxlaması getdikcə çətinləşəcək. İranda yaşayan azərbaycanılar Dağlıq Qarabağın işğalı əleyhinə çıxırlar və onların fəallığı artdıqca Tehran bu amillə hesablaşmaq məcburiyyətində qalacaq. İran ordusunda və təhlükəsizlik xidmətlərində də milliyyətcə azərbaycanlıların sayı az deyil. Bəli, onlar İran dövlətinə xidmət edirlər, ancaq bir çoxunun milli mənsubiyyəti onları Ermənistanın işğalçı siyasətinə qarşı mövqe ortaya qoymağa həvəsləndirə bilər. Məsələn, Dağlıq Qarabağda lokal toqquşmaların miqyası artdıqca İrandakı azərbaycanlıların Azərbaycana dəstəyi artacaq. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda savaş gedərkən İran azərbaycanlılarının bir qismi könüllü olaraq Azərbaycan tərəfdən savaşda iştirak edirdi. Məsələn, İran ordusunda xidmət edən hər hansı azərbaycanlı hərbçinin və ya zabitin dözməyib Arazın bu tayındakı işğalçı postlara atəş açması istisna deyil. Bu atəşə Ermənistan tərəfinin atəşlə cavab verməsi risklidir".