Xocalını 25 ildir Haaqaya “apara” bilmirik - deputatın şərhi

"297 nəfərdən hətta biri məhkəmə qarşısında cəzalanarsa, bu, Azərbaycana müəyyən siyasi üstünlüklər qazandırar”

Xocalını 25 ildir Haaqaya “apara” bilmirik - deputatın şərhi


Fevralın 26-da Xocalı soyqırımının 25 ili tamam olur. Xocalı soyqırımının 25-ci ili ilə əlaqədar olaraq prezident İlham Əliyevin başçılığı ilə fevralın 26-da "Ana fəryadı” abidəsi önünə yürüş ediləcək.


Şəhidlərimizin xatirəsini anıb, tədbirlər keçirib ötən əsrin ən böyük faciəsini dünya ictimaiyyətinə çatdırmağa çalışsaq da, hələ də bir çox ölkələr Xocalı soyqırımını rəsmən tanımayıblar. Eyni zamanda Xocalı faciəsinin əsas cəlladlarını da beynəlxalq Haaqa Məhkəməsi qarşısına çıxara bilmirik.


Ötən il "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirmişdi ki, bunun səbəbi Haaqada yerləşən məhkəmədə sırf bu məsələ ilə bağlı orqanın olmamasıdır: "Orada Yuqoslaviya hadisəsi ilə bağlı məhkəmə fəaliyyət göstərir ki, bu, sırf 90-cı illərin əvvəlində orada baş verən hadisələri araşdırır. Ruanda hadisəsi ilə bağlı tribunal da var. Livanın baş nazirinə qarşı sui-qəsdlə bağlı da məhkəmə var. Bir də beynəlxalq cinayət məhkəməsi fəaliyyət göstərir ki, bu da 2000-ci ildən sonrakı hadisələri araşdırır. Çox təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Bir nəfərin ölümü ilə bağlı orada məhkəmə orqanı var, amma belə kütləvi soyqırımla bağlı yoxdur. Bu, ikili standartların nəticəsidir”.


Deputat Zahid Oruc "Yeni Müsavat”a bildirib ki, biz daha çox torpaqlarımızın işğaldan azad edilməsi üçün çalışmalıyıq: "Tarixdə ayrı-ayrı millətlərə qarşı baş vermiş soyqırım aktlarının nəticəsində ona verilən hüquqi qiymətlər milli çərçivələri aşıb. Bu, mütləq beynəlxalq məhkəmələr vasitəsilə gerçəkləşdirilib. Lakin xüsusi vurğulamaq lazımdır ki, belə addımlar yalnız xarici siyasi iradənin nəticəsində meydana çıxır. Balkanlarda Yuqoslaviyanın dağıdılması gedişində Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçin albanlara qarşı əməlləri soyqırım kimi tanındı və o, həmin məhkəmədə mühakimə edildi. Prosesin sonunda isə dünyasını dəyişdi. Bununla bərabər açıq demək lazımdır ki, söhbət Balkanların yeni xəritəsinin cızılmasından gedirdi. Serblərin həmin regionda titullu millət anlayışı ilə imperiya quruculuğu hissini durdurmaq və bölgəni Rusiyanın təsirindən çıxarmaq üçün yeni dövlətlər meydana çıxarmalı idilər. Bunun nəticəsində də hüquq, siyasi maraqlara alət edildi. Ruanda və digər məsələlərdə də bir neçə dövlətin qərarı həlledici xarakter daşıyıb. Ona görə də Milli Məclisdə son aylar ərzində İnsan hüquqları komitəsinin təşəbbüsü ilə beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması ilə bağlı qanun layihəsi, hüquqi baxımdan Azərbaycanın hakimiyyət orqanlarının hərəkətlərinin gələcək fəaliyyətinin çərçivəsini daha dəqiq müəyyənləşdirir. Hətta Hərbi Prokurorluq tərəfindən adı günahkar şəxslər kimi qeyd edilmiş 297 nəfərdən birinin hər hansı bir məhkəmə qarşısında Lapşin kimi cəzalandırılması baş versə, bu, Azərbaycana müəyyən siyasi üstünlüklər qazandırar”.

Deputat bildirib ki, biz nəzərə almalıyıq ki, mübarizəmizin hədəfi işğalın qurbanlarının qisasının alınmasıdır: "Lakin millət olaraq vəzifəmiz, Xocalının bu təcavüzü özündə əks etdirən ən böyük faciə olduğuna rəğmən, torpağımızın işğaldan azad olunmasına nail olmaqdır. Hətta 50 adamın cəzalandırılması belə bizi öz istəyimizə çatdırmır. Torpaq ki, işğalda qalır axı... Verilən beynəlxalq siyasi qiymətləndirmələr, parlamentlərin qərarları bizi sakitləşdirmək üçün deyil. Mahiyyətcə biz o hədəf uğrunda vuruşuruq ki, bu qərarlar nəhayətdə Ermənistanı mühakimə etməyə imkan versin. Qeyd olunsun ki, sizin bu millətə qarşı belə bir əməliyyatı törətməyiniz işğalın nəticəsində baş verib. Ermənilər əməliyyat keçirib, yenidən öz sərhədlərinə dönməyiblər. Bu gün də həmin işğal davam edir. Bu baxımdan, hesab edirəm ki, biz Xocalının tanıdılmasını və ya onun hüquqi cəhətdən qiymətləndirilməsini torpağımızı geri qaytarmaq uğrunda mübarizənin tərkib hissəsi kimi aparırıq. Bu soyqırımın tanıdılması və ya cəzalandırma mübarizəsi də illər ərzində mühüm bir səviyyədə gedib. Bu qətiyyən inkarolunmazdır. Ancaq biz bunu, baş hədəfi unutmadan aparmalıyıq”.


Z. Oruc qeyd edib ki, ümumilikdə soyqırım məğlubiyyət hadisəsidir: "Bütövlükdə Xocalı faciəsi hüzn hadisəsidir. Ona görə də bizi bu hadisədə tamamilə ermənilərlə eyni yolu getməyə kimsə sürükləməməlidir. Onlara görə zəif millətlərin soyqırım ideologiyaları olur və bu cür mübarizə aparırlar. Mənim aləmimdə böyük millətlər tarixin hansısa səhifəsində soyqırıma məruz qalırlarsa, bunu həmin dövrün hadisəsi kimi qeyd edirlər. Mənim yanaşmam bundan ibarətdir ki, bizim xüsusi vəzifəmiz torpaqlarımızı qaytarmaqdır. Soyqırımla bağlı proseslər buna imkan verir ki, Ermənistanı müəyyən qədər ifşa etmək mümkün olsun”.




[email protected]