Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin keçdiyi İtaliyada ötən ilin dekabrında növbəti dəfə hökumət dəyişdi. Buna səbəb referendumda hakim Demokratik partiyanın etimad qazana bilməməsi oldu.
Həmin referendumdan sonra İtaliyanın ən iri siyasi partiyası olan, solçu Demokratik partiya parçalanma riski qarşısında qaldı. İtaliyanın keçmiş iqtisadi inkişaf naziri (Romano Prodi kabineti), bu partiyanın keçmiş lideri və hazırkı sıravi üzvü, baş nazirliyə namizəd olmuş Pyer Luici Bersani TASS-a müsahibəsində deyib ki, Paolo Centiloninin başçılıq etdiyi indiki koalision hökuməti dəstəkləyəcəklər. Baxmayaraq ki, həmin hökumət 2013-cü ildə keçirilmiş parlament seçkilərinin nəticələrini əks etdirmir. Hazırda Demokratik partiya bu hökumətin kiçik ortağıdır.
Pyer Lyuci Bersani Rusiya ilə münasibətlərin dərinləşməsinə tərəfdar olduğunu deyib. Bildirib ki, o, Romano Prodinin hökumətində iqtisadi inkişaf naziri vəzifəsini tutanda Rusiya ilə əməkdaşlıq barədə saziş imzalamışdılar. "Mən özüm şəxsən dəfələrlə Rusiyada olmuşam, strateji baxımdan biz əməkdaşlığı xeyli möhkəmləndirmişik. Sonra siyasi hadisələr qarışdı. Və sonra İtaliya ilə Rusiyanı ayırmaq istəyənlər üstün gəldi”-siyasətçi deyib.
"Kimi nəzərdə tutursunuz?” sualına siyasətçi belə cavab verib: "Mən tam əminliklə deyirəm ki, ABŞ səfiri "Cənub axını” qaz kəməri layihəsinin pozulması üçün səylər göstərdi. Və mən bunu bilirəm, çünki həmin sazişin imzalanmasında aktiv iştirak etmişəm. Və şəxsən bu layihənin pozulmasını düzgün saymıram. Çünki əgər Almaniya "Şimal axını” kəmərinin buraxılış gücünü iki dəfə artırırsa qoy Rusiyaya qarşı da sanksiyanı özü tətbiq etsin. Çünki sanksiya məsələsində həmrəylik energetika siyasətində həmrəyliyə uyğun gəlməlidir. "Şimal axını” çəkiriksə "Cənub axını” da olmalıdır, iki "Şimal axını” yox. "Cənub axını”ına gəldikdə ABŞ və Avropa İttifaqında əllərindən gələni etdilər ki, bu layihə baş tutmasın. Bu, İtaliya üçün itkidir, çünki biz qazı Almaniyadan daha baha almağa məhkumuq”.
"Bəs TAP kəməri vəziyyəti xilas etmir?”-TASS soruşub. Pyer Lyuci Bersani deyib ki, Azərbaycan qazı hesabına enerji təchizatını şaxələndirmək mümkün deyil. "Düzünü desək energetika təchizatını Rusiya qazından imtina etməklə və Azərbaycandan qaz nəql etməklə şaxələndirmək bir az gülməlidir. Coğrafi xəritəyə baxmaq kifayətdir. Coğrafiya həmişə tarixə qalib gəlib. Gərək ABŞ xəritəyə baxsın və başa düşsün ki, Avropa qitənin bir parçasıdır, deməli bizim tarazlıq axtarmaqdansa indiki vəziyyətlə barışmaqdan başqa yolumuz yoxdur”-italyan siyasətçi bildirib.
Qeyd edək ki, İtaliyada Rusiyaya bağlı "5 Star” hərəkatı TAP kəmərinə qarşı təbliğat aparır. Həmin hərəkat parlamentdə 22 faiz yerlə təmsil olunur, ifrat sağçıdır.