Onlayn alış-veriş edənlər vergi ödəyəcək
Natiq Cəfərli: “Bu, elektron ticarətin inkişafına əngəl olacaq”
Artıq yerli və xarici internet saytlar üzərindən alış-veriş aparan vətəndaşlar da dövlətə vergi ödəməli olacaq. Çünki Vergilər Nazirliyi elektron ticarəti də vergiyə cəlb etməyə qərar verib. Vergilər naziri Fazil Məmmədov bu barədə təklifləri parlamentə təqdim edib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumatda da deyilir ki, “Elektron ticarət haqqında” Qanunda dəyişikliklər haqqında sənəd hazırlanıb. Bu sənəddə elektron ticarətlə alış-veriş edənlərin Əlavə Dəyər Vergisi (ƏDV) ödəməsi nəzərdə tutulur. Nazirliyin mətbuat xidmətindən mexanizmlərin hələ hazır olmadığı, detalların yaxınlarda bilinəcəyi bildirilib: “Layihəyə iş və xidmətlərin elektron ticarət qaydasında təqdim edilməsinə, elektron qaydada təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsinə dair müddəa daxil edilib. Buna əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən, yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir”.
İzahatdan ada aydın olduğu kimi ödəniləcək ƏDV alıcının cibindən ödəniləcək. Bu mənada elektron ticarətə olan maraq da azalacaq. Ölkəmizdə elektron ticarətin tətbiqinin hələ geniş yayılmadığını nəzərə alsaq, bu sahəyə ƏDV-nin tətbiqi vəziyyəti daha da pisləşdirə bilər.
İqtisadçı ekspert Natiq Cəfərli də bu fikirdədir. Onun sözlərinə görə, Azərbaycanda elektron ticarətin vergiyə cəlb olunması vaxtından əvvəl atılan bir addımdır.
Ekspertin sözlərinə görə, elektron ticarət ölkədə geniş şəkildə yayıldıqdan sonra bu addımın atılması daha doğru olardı: “Onlayn ticarət üzərinə vergi qoyulması müxtəlif ölkələrdə fərqli şəkildə tətbiq olunur və bu həmin ölkələrdə elektron ticarətin nə dərəcədə inkişaf etməsini göstərir, ona uyğun olaraq da müəyyən addımlar atılır. Azərbaycanda kifayət qədər kiçik həcmdə aparılan onlayn ticarət, xaricdən aparılan onlayn sifariş çox məhdud həcmdədir. Biz hələ xaricdəki səviyyəyə çatmaq üçün uzun zaman yol qət etməli idik. Şəffaflığın artırılması üçün onlayn ticarətin çox böyük önəmi var. Bütün dünya ölkələrində bunun artması üçün çalışırlar. Təşviq edirlər ki, onlayn ticarətin daha geniş yayılmasına nail olsunlar. Bu həm də onlayn satışdan əldə olunan vergilərin artmasına səbəb olur. Azərbaycanda kifayət qədər kiçik olan bir seqmentə indidən vergilərin tətbiq olunması marağı azaldacaq və bu sahənin inkişafına əngəl olacaq. Çünki insanların onlayn ticarətə üstünlük verməsinin əsas səbəbi burada mal və məhsulların daha ucuz başa gəlməsi idi. Əgər bu sahəyə də vergi tətbiq olunsa insanların bir marağı qalmayacaq”.
İqtisadçının fikrincə, əksinə hökumət onlayn ticarətin genişləndirilməsi üçün addımlar atmalı idi: “Bu sahənin inkişafın şəffaflığın da artmasına xidmət edəcək, dolayısı ilə büdcə gəlirlərinin artmasına səbəb olacaqdı. Yeni vergilərin tətbiqi isə bu sahədə inkişafını ümumiyyətlə dayandıracaq və qonşu ölkələrdən xeyli dərəcədə geri düşməyimizə səbəb olacaq. Bu əslində Rusiyadan götürülmüş bir qaydadır. Təəssüf ki, Rusiyada tətbiq olunan qaydalar bir müddət sonra Azərbaycanda da tətbiq olunmağa başlayır. Rusiyada çox ciddi müzakirələrdən sonra onlayn ticarətə vergilərin tətbiq olunması, vergisiz hissəsinin 200 avroya qədər endirilməsi haqqında qanun qəbul olundu. Hökumət indi Rusiyada tətbiq olunan bu qaydaların eyninin Azərbaycanda tətbiq olunmasına çalışır. Amma onlayn ticarətin həcmi milyardlarla ölçülür və onun müəyyən faizinin vergiyə cəlb olunmasının bir məntiqi var. Azərbaycanda isə söhbət çox az bir dövriyyədən gedir. Orada vergi tətbiqi alıcıların elektron ticarətə marağını öldürəcək. Gələcəkdə onlayn ticarət ümumi ticarətin böyük bir hissəsini təşkil edəcək. Azərbaycanın bu sahədə geri qalması iqtisadiyyatın da geri qalması ilə nəticələnəcək. Amerikada artıq ticarətin 30 faizi elektron qaydada həyata keçirilir ki, bu da on milyardlarla dollar deməkdir. Türkiyədə də elektron ticarətdən geniş istifadə olunur, Gürcüstanda bu istiqamətdə addımlar atılır. Azərbaycanda isə bu cür addımın atılması sözügedən sahədə durğunluq yaradacaq”.
[email protected]